Xəbər lenti
18-11-2024, 12:06
 

Ürfət Həsənov: Ordu hər bir dövlətin mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır 0

Tarix: 03-08-2023 21:27     Baxış: 2 471

Ordu hər bir dövlətin mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır. 

Hazırda dünyada Kosta-Rika istisna olmaqla, ordusu olmayan ikinci bir dövlət yoxdur. Hər bir dövlət öz ordusunun inkişafı üçün əzmlə çalışır, bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan da dövlət müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesi ardıcıl və sistemli şəkildə həyata keçirilib.

Bu siyasəti son illərdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. Bir neçə gün əvvəl möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyində keçirdiyi müşavirə də ordu quruculuğu məsələlərinin dövlətin daimi diqqət mərkəzində olduğunu bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz çıxışında bir daha ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirdi. Eyni zamanda, Azərbaycanın uzun müddət nəticəsiz qalacaq danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğuladı.

Etiraf etməliyik ki, sülh danışıqlarının nəticəsiz qalması münaqişənin hər an hərb yolu ilə həlli variantını vacib məsələ kimi gündəmə gətirir. Ordu quruculuğuna həsr olunmuş müşavirədə həm Ali Baş Komandanın dərin məzmunlu nitqində, həm müdafiə nazirinin məruzəsində ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsi ciddi surətdə təhlil edildi. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazır olduğu bildirildi.

Azərbaycan münaqişənin hərb yolu ilə həllini əsas vasitə hesab etməsə də, buna təhrik olunur. Bununla belə, Azərbaycan məsələnin hərb yolu ilə həlli variantına da tam hazırdır. Son illərdə respublikamızda həm dövlət, həm də ordu quruculuğu sahəsində böyük işlər görülüb, güclü və qüdrətli dövlət modeli yaradılıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibi olan dövlətlər sırasındadır. Ölkə iqtisadiyyatında aparılan islahatlar Azərbaycanın iqtisadi qüdrətinin güclənməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, maddi rifah halının yüksəlməsinə, habelə dövlət quruculuğu prosesi üçün ciddi iqtisadi əsasların yaranmasına səbəb olub.

Ordu quruculuğu məsələsi də daim diqqət mərkəzində olduğu üçün Silahlı Qüvvələrin NATO standartları əsasında formalaşdırılması, müasir hərbi texnika və silahlarla təchiz edilməsi, strateji, taktiki hazırlığının yüksəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Nəticədə bu gün Azərbaycan ordusunun ən mürəkkəb hərbi əməliyyatlara hazır olduğu aşkar görünür. Azərbaycan Silahlı Qüvvələri texniki təchizat, professional hazırlıq, mənəvi ruh yüksəkliyi və digər parametrlər baxımından Ermənistan ordusundan qat-qat üstündür. Bunu son dövrlərdə işğalçı ölkənin mediası, ictimai xadimləri, müdafiə naziri və generalları da açıq etiraf edir.

Bütün parametrlər baxımından işğalçı dövlətin ordusundan üstün olan Azərbaycan Silahlı Qüvvələri, müdafiə nazirinin məruzəsində də bildirildiyi kimi, Ermənistan ərazisində bütün hədəfləri vurmaq, habelə düşmənin zəbt etdiyi ərazilərimizdəki mövqelərini sıradan çıxarmaq iqtidarındadır. Şübhəsiz, müharibə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Yüksək maddi-texniki və mənəvi təminat olmadan hərbi əməliyyatlarda ciddi uğurlar qazanmaq mümkün deyildir. Yəni iqtisadi imkanlar olmadan hərbə əl atmaq yalnız qısa müddət üçün effekt verə bilər. Lakin Azərbaycan iqtisadiyyatının qısa zamanda müharibə şəraitinə hazır vəziyyətə gətirilməsinin mümkünlüyü, ordumuzun, Silahlı Qüvvələrimizin təchizatı üçün hərbi-sənaye kompleksinin yaradılması deməyə əsas verir ki, əgər müharibə başlanarsa, ölkəmiz qarşısına qoyduğu ali məqsədi uğurla həyata keçirmək əzmindədir.

Xüsusi vurğulamaq istərdim ki, son illərdə diplomatik sahədə həyata keçirilən tədbirlər də Azərbaycanın ədalətli mövqeyinin daha güclü müdafiəsinə gətirib çıxarıb. Beynəlxalq aləm bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Böyük dövlətlərin xarici işlər nazirlikləri illik hesabatlarında işğal edilmiş əraziləri Azərbaycan mərkəzi hökumətinin nəzarətindən kənarda qalan zonalar kimi təqdim edirlər. Beynəlxalq təşkilatların müvafiq sənədlərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı birmənalı əksini tapıb. ATƏT-in Minsk qrupunun fəaliyyəti də onu göstərir ki, Azərbaycanın yürütdüyü diplomatiya Dağlıq Qarabağ münaqişəsini beynəlxalq siyasətin akutal məsələlərindən birinə çevirib. Azərbaycan kimi ərazi problemi olan bir sıra digər dövlətlər də var. Lakin onların heç biri öz milli problemini regional kontekstdən kənara çıxara bilməyib.

Hesab edirəm ki, Azərbaycanın münaqişənin hərbi yolla həllinə dair bəyanatlarının obyektiv zərurətdən, çıxılmazlıqdan irəli gəldiyi beynəlxalq ictimaiyyətə tamamilə aydındır. Dünya ictimaiyyəti Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bu variantdan istifadə edə biləcəyini daim nəzərə alır. Ən əsası, bu gün dövlətlə, ilk növbədə dövlət başçısı ilə cəmiyyət arasında sıx bağlılıq var. Prezident İlham Əliyevin apardığı siyasət cəmiyyətdə mütləq əksəriyyət tərəfindən dəstəklənir, habelə orduya inam ildən-ilə artır. Yəni Azərbaycan çıxılmazlıq şəraitində müharibə variantına əl atarsa, bu qərar cəmiyyət tərəfindən də lazımi dəstək alacaq! Bu isə Azərbaycan ordusunun qarşıya qoyduğu vəzifəni yerinə yetirməsi üçün vacib şərtlərdən biridir!

 Ürfət Həsənov

Goranboy rayon Sukanal idarəsinin rəisi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar