Yeni sərhəd-buraxılış məntəqəsi harada yerləşir - XƏRİTƏ 0
Aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.
XİN-in yaydığı bəyanata əsasən, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.
Bəs sərhəd-burxılış məntəqəsi harada qurulub?
Ötən ilin avqustun 25-də ənənəvi Laçın yolunun Laçın şəhəri, Zabux və Sus kəndlərinin ərazisindən keçən son hissəsi Azərbaycan Ordusunun nəzarətinə qaytarılıb. Bununla da, tikintisinə 2021-ci ildən başlanılan yeni yol istifadəyə verilib. Yeni yolun ümumi uzunluğu 32 kilometrdir. Bunun 20 kilometrlik hissəsi Azərbaycan ərazisində yerləşir. Qalan 12 kilometr sərhəddəki Kornidzor kəndindən İrəvana aparan ənənəvi yola qədər olan hissədir. Yeni yol 2 hərəkət zolaqlıdır, yolun hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metrdir.
Laçın şəhərinə daxil olmadan keçən yeni avtomobil yolu Şuşanın Onverst kəndindən başlayır, həmin rayonun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi, Laçının isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndlərindən keçir. Yolun Azərbaycandakı sonuncu hissəsi Həkəri çayı üzərindəki körpüdür. Bu körpünü Azərbaycan tərəfi inşa edib. Körpünün uzunluğu 149.5 metrdir və 4 aşırımdan ibarətdir.
DSX-nin yeni qurduğu sərhəd-buraxılış məntəqəsi körpünün Azərbaycan tərəfindən çıxışında, Ermənistan tərəfindən isə girişində yerləşir. Məntəqənin yanında Rusiya sülhməramlılarının postu yerləşdirilib.
Xəbəri paylaş