Xəbər lenti

Fuad Zamanov: Ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı 0

Tarix: 08-04-2023 10:47     Baxış: 847

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı. Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Belə bir keyfiyyət, sözsüz ki, həm nəzəri biliklərin, həm də zəngin siyasi təcrübənin olmasını zəruri edir. Ən adi təhlil göstərir ki, Heydər Əliyev bunlardan başqa həm də güclü duyuma, incə siyasi intuisiyaya da malik idi. Geniş dövlətçilik təcrübəsi, bir də dərin analitik təfəkkür bu siyasi duyum və intuisiya ilə birləşərək onun nadir dövlət xadimi kimi tanınmasını şərtləndirirdi. Heydər Əliyev dünya miqyasında siyasətçiliyi sənətkarlıq səviyyəsinə qaldıran şəxsiyyətlərdən biri idi və onun bu istedadı dünyanın tanınmış siyasətçiləri tərəfindən də etiraf edilirdi. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir.


Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.


Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. O dövrdə bu addımı atmaq çətin bir iş idi. Məşhur Suvorov adına, Naximov adına hərbi məktəblərin mövcud olduğu bir zamanda kiçik respublika olan Azərbaycanda hərbi məktəbin yaradılması müşkül idi. Lakin Heydər Əliyevin qətiyyəti və apardığı mübarizə öz nəticəsini verdi. Uzaqgörən siyasi xadim bilirdi ki, nə vaxtsa  sovetlər imperiyası dağılacaq. Bu dağıntıların altında qalıb əzilməmək üçün Azərbaycana ordu lazım olacaqdı. Ona görə də imkan varkən milli hərbi kadrların yetişdirilməsinə başlayan ümummilli lider bu planını həyata keçirə bildi. Ulu öndərimiz o dövrdə  azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu.  


1992-ci ildə hakimiyyət böhranı yarandığı dövrdə Heydər Əliyev Bakıya dəvət olunanda  Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Bu dövrdə ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu da öz növbəsində ordunun varlığına əks təsir göstərirdi. Ölkə daxilində güclənməkdə olan qeyri-sabitlik isə bu sahədə ümidverici bir addımın atıla biləcəyini şübhə altına qoyurdu. Belə bir məqamda Ulu Öndər ordu quruculuğuna çox böyük önəm verərək deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.” -  


Bütünlükdə, Heydər Əliyevin ordu quruculuğuna münasibəti cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.


Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 20 avqust 2001-ci il tarixli Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.


Ulu öndər ordunun bir dövlət üçün əhəmiyyətindən danışarkən bu ordunun əsas vəzifələrini göstərir, onun möhkəmlənməsi, modernləşdirilməsi üçün var qüvvəsini əsirgəmirdi.


“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir” - deyən Ümummilli lider öhdəsinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirdi. Onun əsasını qoyduğu ordu getdikcə təkmilləşərək regionun ən güclü ordusuna çevrildi.  


Son 20 ildə Azərbaycan Ordusu öz inkişafının ən uğurlu dövrünü yaşamaqdadır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində izlənilən aydın siyasət, həyata keçirilən konkret tədbirlər Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirməklə, dünya miqyasında öncül sıralardan birinə çıxarıb. Məhz bu ordu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə düşməni darmadağın edərək 30 illik işğala son qoydu.


Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan ordusunun əsasını qoyan ümummilli lider Heydər Əliyevdir. Uzaqgörən tarixi şəxsiyyətin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir.” fikri bu gün real həyat həqiqətidir.


Fuad Zamanov,

YAP Goranboy rayon təşkitatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar