Xəbər lenti
18-11-2024, 12:06
 

Hərbi həkim-partizan, Şuşada anadan olan: Aliyə Rüstəmbəyova - FOTO 0

Tarix: 26-03-2023 01:38     Baxış: 2 144

Hərbi həkim-partizan, Şuşada anadan olan: Aliyə Rüstəmbəyova.

İkinci dünya müharibəsi partizan hərəkatının iştirakçısı, həkim Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində neftçi-mühəndis ailəsində anadan olub. Onun atası, Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, bir vaxtlar azərbaycanlı milyonçu Musa Nağıyevin firmasının müdiri, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra (1920) Azneftin (Bakıda Azərbaycan Neft Sənayesi Dövlət Birliyi) baş texniki direktor, rəis müavini və idarə heyətinin üzvü vəzifələrini tutmuşdur. Onun anası azərbaycanlı həkim, əslən şuşalı olan Kərim bəy Mehmandarovun qızı idi. O, 1906-cı ildə erməni “Daşnaksütyun” partiyasına qarşı mübarizə aparmaq məqsədilə təşkil edilmiş “Difai” (Müdafiə) gizli antiterror təşkilatının Qarabağda ilk rəhbərlərindən biri idi.

Hələ körpə yaşlarında olarkən Aliyə valideynləri ilə birlikdə Şuşadan Bakıya köçdü. 3 №-li orta məktəbi bitirdikdən sonra Aliyə indiki Azərbaycan Tibb Universitetinə daxil olmuş, lakin sonradan akademik İ. P. Pavlov adına indiki Birinci Sankt-Peterburq Dövlət institutunun birinci kursuna keçirilmişdir. 1935-ci ildə universiteti bitirdikdən sonra üç il Çirçik (Özbəkistan) şəhərində tikinti idarəetmə xəstəxanasında həkim işləmişdir. 1938-ci ildən etibarən Aliyə Rüstəmbəyova Moskvada Həkimlərin Təkmilləşdirmə Mərkəzi Institutunda sovet terapevti və tibb alimi, SSRİ Tibb Elmləri Akademiyasının akademiki M. S. Vovsinin rəhbərliyi altında terapevt işləmişdir.


Aliyə SSRİ-Finlandiya müharibəsində(1939-1940) hərbi həkim kimi xidmət etmişdir. Nasist Almaniyasının SSRİ-yə hücumundan (1941) sonra isə bir çox tibb işçiləri kimi indiki S. P. Botkin adına şəhər klinik xəstəxanasının (Moskva) həkimi Aliyə Rüstəmbəyova da cəbhəyə yollandı. Bu dövrdə Aliyə Volokolamskda, Moskvada, sonra isə Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmişdir. 


1941-ci ilin oktyabrında Smolensk almanlar tərəfindən zəbt olunduqdan sonra Aliyə Rüstəmbəyova döyüşlərin birində yaralanaraq əsir düşdü. Burada o, əzab-əziyyətlərə və işgəncələrə məruz qaldı. Lakin, 1965-ci ilin “Vətən yolunda” kitabında qeyd olunur ki, almanlar Smolensk vilayətini tutandan sonra Aliyənin xidmət etdiyi hərbi hissə düşmən cəbhəsinin arxasında qalmış və almanların mühasirəsində partizan fəaliyyətini davam etdirmişdir.


1942-ci ilin əvvəllərində hərbi həkim Aliyə Rüstəmbəyovanın rəhbərliyi altında bir qrup hərbi əsir (və ya onun rəhbərliyi altında deyil, partizanların köməyi ilə) alman düşərgəsindən qaçmış (1965-ci ilin “Vətən yolunda” kitabında qeyd olunur ki, Aliyənin də daxil olduğu qrup almanların mühasirəsindən çıxmışdır) və həmin ilin fevral ayında Vasili İsayeviç Voroçenko tərəfindən idarə olunan və o dövrdə Smolensk vilayətinin Doroqobuj rayonunun meşələrində fəaliyyət göstərən “Deduşka” (ruscadan tərcümədə “baba”) partizan dəstəsinə qoşulmuşdu (o yaşlı olduğuna görə dəstə onun şərəfinə belə adlandırılmışdı).


“Vətən yolunda” kitabında Aliyənin almanların mühasirəyə aldığı Smolensk meşəsindən Moskvadakı rəfiqəsi Тereza Xristoforovna Morqulovaya 19 aprel 1942-ci il tarixli aşağıdakı məktubu yazdığı qeyd olunur:

“Mənim əziz Terezoçkam! Beş ay susduqdan sonra bu məktubum səni yəqin ki, təəccübəndirəcəkdir. Əgər soruşsan ki, bu müddət ərzində harada idim – cəsarətlə cavab verə bilərəm: əsil cəhənnəmdə idim və indi də oradayam. Nə qədər dəhşətlər görmüşəm! Bu müddət ərzində işğal edilmiş vilayətdə idim. Yenidən özümüzünkülərin – partizanların yanındayam. Qayıdacağıma inanmıram. Bu ola bilməz. Ona görə də yaranmış imkana baxmayaraq özümüzünkülərə məktub yazmıram. Onlar mənim sağ olmadığım fikrinə alışmışlar. İstəmirəm ki, mənim üçün yenidən həyəcanlanmağa başlasınlar. Yüz faiz əminəm ki, həlak olacağam”.


Aliyə Rüstəmbəyova yuxarıda qeyd olunan partizan dəstəsinin tibb-sanitar batalyonunun (sanitar bölməsinin) rəisi oldu. O, səhra şəraitində bir çox mürəkkəb cərrahi əməliyyatlar aparmış və yaralı partizanların həyatını xilas etmişdir.


2 iyun 1942-ci ildə Aliyə Rüstəmbəyova son məktubunda anasına bu sözləri yazmışdı:

“Özümü yaxşı hiss edirəm. Düzdür, bir çox ərzaq mallarını, məsələn, şəkəri, çayı, yağı heç də həmişə görmürük… Yalın ayaqlarıma qaloş geyirəm. Kişi tumanından özüm üçün “zərif” kofta, alman bayrağından yubka və köynək tikmişəm. Almanların əlindən qaçarkən nə ki, paltarım vardı, hamısını atdım. Əynimdə olanlar köhnəlmişdir, indi hamı mənim kimi paltar geyir…”.


“Deduşka” partizan dəstəsi 1942-ci ilin yazından bəri alman qoşunlarının mühasirəsində idi.


Aliyə bununla bağlı son məktubunda bunları qeyd edirdi: “Əziz anam! Yenə də almanlarım arxasındayam, partizan dəstəsindəyəm, lakin vəziyyətimiz dəyişmişdir, daha əlverişli şərait yaranmışdır. Tibb-sanitar batalyonumuz yaxın gələcəkdə “Böyük torpağa” gedəcəkdir. Öz qoşunlarımızla birləşmək ümidindəyik. Sizdən məktub almağı elə istəyirəm ki… Məktubumu alan kimi birdən-birə iki-üç məktub yazın. Bəlkə onlardan biri gəlib mənə çıxa bilə”.


1942-ci ilin yayında (və ya 30 iyun) Aliyə Rüstəmbəyova yaralı partizanları döyüş meydanından çıxararkən döyüşdə həlak olub. Lakin SovİKP Smolensk vilayət komitəsinin partiya arxivində göstərilir ki, 1942-ci il iyunun sonlarında Aliyə Rüstəmbəyova itkin düşüb. “Geri qaytarılmaz itkilər haqqında hesabat” sənədində onun itkin düşməsi tarixi həmin ilin iyun ayı olaraq göstərilir (burada onun adının Rüstəmbəyova Aliyə Fyodorovna kimi qeyd olunur, həmçinin məlumdur ki, onu Alya Fyodorovna deyə çağırardılar). “Deduşka” partizan dəstəsindən bir qadının verdiyi məlumata görə, Aliyə və dəstə komandirlərindən biri yaralanmış və onları təyyarə ilə Moskvaya aparmağa çalışmışlar. Lakin təyyarəyə düşmən bombası düşüb.


Azərbaycan şairəsi Mirvarid Dilbazi Aliyə Rüstəmbəyovanın şərəfinə “Partizan Aliyə” adlı poema həsr etmişdir. O vaxtlar Azərbaycan SSR-nin birinci katibi olmuş Heydər Əliyev Aliyə Rüstəmbəyovanın şəxsiyyətini belə qiymətləndirirdi:

“… Böyük Vətən müharibəsi zamanı Smolensk vilayətində partizan dəstələrinin birində döyüşən, Azərbaycanın şanlı qızı hərbi həkim Aliyə Rüstəmbəyovanın göstərdiyi şücaəti mən yüksək dərəcədə səciyyəvi hesab edirəm”…


Aliyə Rüstəmbəyovanın fotoşəkilləri, sənədləri, məktubları (o cümlədən onun mürəkkəbqabı və gümüş qələmi) Bakıda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar