Xəbər lenti

Tərtərdə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib Fotolar + Yenilənib

Tarix: 27-11-2026 19:18     Baxış: 700

Tərtər rayonunda aqrar sahənin inkişafı və 2026–2030-cu illər üzrə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tərtər rayonunda icra vəziyyəti ilə əlaqədar geniş tərkibli müşavirə keçirilib.

Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Dövlət Proqramının icrası ilə bağlı rayonda yaradılmış Qərargahın üzvləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, həmçinin rayonun sahibkarları və fermerləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib. Rayon rəhbəri 25 may 2026-cı il tarixli Sərəncamla təsdiq olunmuş Dövlət Proqramının Tərtər rayonu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, torpaq və su resurslarından səmərəli istifadə edilməsi, məhsuldarlığın artırılması, emal sənayesinin genişləndirilməsi və bu istiqamətdə rayonda yaradılmış Qərargahın fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev Dövlət Proqramından irəli gələn vəzifələrin yerlərdə vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini diqqətə çatdırıb. O, dövlət-sahibkar münasibətlərinin daha da öhkəmləndirilməsinin, yerli icra strukturları ilə fermerlər arasında koordinasiyalı işin qurulmasının və rayonun aqrar potensialının tam reallaşdırılmasının önəmini xüsusi vurğulayıb. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov isə öz çıxışında 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində tətbiq olunan müasir yanaşmalar, dövlət dəstəyi mexanizmləri və innovativ texnologiyaların məhsuldarlığa təsiri barədə geniş məlumat verib.

Müşavirənin davamında söz rayonda fəaliyyət göstərən sahibkarlara və fermerlərə verilib.

Sahibkar Zəfər Nəsirov çıxışında rəhbərlik etdiyi müasir tipli istixana kompleksinin sahəsini 2 hektar artıraraq 3 hektara, məhsul istehsalını isə 200 tondan 600 tona çatdırmağı planlaşdırdığını bildirib. Qeyd olunub ki, quraşdırılması nəzərdə tutulan əlavə 2 hektardan 1,2 hektarında işlər artıq yekunlaşıb və ümumilikdə 2,2 hektar ərazidə 57 min ədəd pomidor şitili əkilib, qalan 0,80 hektarda isə quraşdırma işlərinə hazırlıq görülür və artıq məhsul yığımına başlanılıb. Kompleksdə ümumi sahəsi 500 kvadratmetr olan inzibati bina, qazanxana, tutumu 2 min kubmetr olan su anbarı və çeşidləmə məntəqəsi inşa edilib. Suvarma, isitmə və havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunan müəssisədə hazırda 10 nəfər daimi, 25 nəfər isə mövsümi işlə təmin edilib və istehsal olunan məhsul həm daxili, həm də xarici bazarlara çıxarılır. Sahibkar Habil İbrahimov çıxışında Almaniyadan 200 baş “Holşteyn-Friz” cinsli südlük boğaz düyənin gətirilməsi hesabına fermadakı iribuynuzlu mal-qaranın sayının 500 başa çatdırıldığını, bu artım nəticəsində təsərrüfat üzrə illik süd istehsalının 5400 tona çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda bildirilib ki, “Tərtər Aqro Süd Emalı” MMC-də istehsal prosesinin müasirləşdirilməsi və yeni texnoloji avadanlıqların alınması istiqamətində danışıqlar aparılır. Müəssisədə yenidənqurma işləri başa çatdıqdan sonra illik emal gücünün 10 950 tondan 18 250 tona yüksəldiləcəyi gözlənilir. Hazırda təsərrüfatda və emal müəssisəsində 25 nəfər daimi iş yeri ilə təmin olunub. Fermer Vidadi Vəliyev bu mövsüm 40 hektar sahədə pambıq becərdiyini və cari ildə həmin sahədən yüksək nəticə əldə olunaraq 60 sentner məhsul götürüldüyünü diqqətə çatdırıb. O, növbəti əkin ilində pambıq sahəsini 10 hektar artıraraq 50 hektara çatdıracağını bildirib. Sahibkar Muxtar Orucov rəhbərlik etdiyi təsərrüfatda bugünədək 2000 ton xurma yığıldığını və məhsulun 1600 tonunun Rusiya bazarlarına ixrac edildiyini vurğulayıb. Məlumat verilib ki, müasir standartlara uyğun qurulan “Tərtər 1” MMC-nin ümumi əkin sahəsi 98 hektardır və bunun 75 hektarını xurma, 12 hektarını nektarin, 11 hektarını isə şaftalı bağları təşkil edir. Bağların 49 hektarı yeni salınıb, ümumilikdə təsərrüfatın qurulmasına 3,8 milyon manat vəsait sərf olunub və əkin sahəsinin 30 hektar genişləndirilərək 128 hektara çatdırılması nəzərdə tutulur. Müəssisədə hazırda 15 nəfər daimi, 80 nəfər yerli sakin isə mövsümi işlə təmin edilib. Su ehtiyatlarından səmərəli istifadə edilməsi və itkilərin qarşısının alınması məqsədilə ərazidə müasir avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub, vegetasiya dövründə bitkilərin fasiləsiz su təminatı üçün 1,5 hektar sahədə tutumu 130 min kubmetr olan süni su tutar (göl) yaradılıb.

Müşavirənin sonunda fermerləri və sahibkarları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən müraciət və təkliflərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar