Kəlbəcərin sürətli dirçəlişi qalib Azərbaycanın qüdrətinin ifadəsidir Bədəl Bədəlov

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyinə istiqamət verir. Kəlbəcərin işğaldan azad edilməsi də məhz belə tarixi hadisələrdəndir. Bu Qələbə ərazi bütövlüyünün bərpasına, milli ədalətin təmin olunmasına və uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinə yol açdı. Bu gün Kəlbəcər azad Azərbaycanın quruculuq əzmini, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir.
Kəlbəcər Azərbaycanın tarixi-mədəni irsində özünəməxsus yeri olan qədim diyardır. Dağları, meşələri, çayları, mineral bulaqları və zəngin təbiəti ilə seçilən bu bölgə əsrlər boyu özünəməxsus həyat tərzi və mədəni mühiti ilə tanınıb. Burada qorunub saxlanılan qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, memarlıq nümunələri və tarixi abidələr xalqımızın keçmişindən xəbər verir. Kəlbəcərin təbii sərvətləri, xüsusilə İstisu mineral suları, onun ölkəmizin iqtisadi və turizm potensialında mühüm yer tutduğunun göstəricisidir.
Lakin bu gözəl diyar uzun illər işğalın ağır nəticələri ilə üzləşdi. 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə insanın həyatını dəyişdi. Dinc sakinlər doğma evlərini tərk etməyə məcbur oldular, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələrə ziyan vuruldu, bölgənin zəngin təbii sərvətləri qanunsuz istismara məruz qaldı. Kəlbəcər sakinlərinin illərlə davam edən məcburi köçkünlük həyatı xalqımızın yaddaşında dərin iz buraxdı.
Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasının vacibliyini təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı qətnaməsi Kəlbəcərin işğalını pisləyərək işğalçı qüvvələrin ərazidən çıxarılmasını tələb edirdi. Bununla belə, beynəlxalq hüququn tələbləri uzun illər yerinə yetirilmədi. Azərbaycan isə öz prinsipial mövqeyindən geri çəkilmədi, torpaqlarının azad olunmasını dövlət siyasətinin başlıca məqsədlərindən biri kimi müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində ölkəmizdə möhkəm dövlətçilik əsasları formalaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın ardıcıl davam etdirilməsi Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırdı. Ordu quruculuğuna xüsusi diqqət yetirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli birliyin möhkəmləndirilməsi tarixi hədəfə çatmaq üçün zəruri imkanlar yaratdı.
2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək düşmənin müqavimətini qırdı. Xalq və ordu birliyi, hərbçilərimizin peşəkarlığı, dövlətimizin siyasi iradəsi Qələbənin əsas amilləri oldu. Kəlbəcərin strateji mövqeyi də müharibənin gedişində mühüm əhəmiyyət daşıdı. Rayonun yüksəklikləri və mürəkkəb relyefi hərbi baxımdan xüsusi üstünlüklər yaradırdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə uzun illər davam edən həsrətə son qoymaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Kəlbəcərin döyüş meydanında qazanılmış Qələbənin siyasi nəticəsi kimi Azərbaycana qaytarılması dövlətimizin məqsədyönlü siyasətinin və güclü mövqeyinin ifadəsi idi.
Kəlbəcərdə aparılan quruculuq işləri yeni hədəflərin ardıcıl şəkildə həyata keçirildiyinin göstəricisidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı əsasında yaşayış məhəllələrinin, sosial obyektlərin, ictimai məkanların və yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Yeni məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin və digər xidmət obyektlərinin inşası gələcək sakinlərin rahat yaşayışı üçün mühüm əhəmiyyət daşıyır. Müasir şəhərsalma yanaşması ilə yanaşı, bölgənin təbii landşaftının və ekoloji tarazlığının qorunması da diqqət mərkəzində saxlanılır.
Nəqliyyat infrastrukturunun yenidən qurulması Kəlbəcərin gələcək inkişafının əsas şərtlərindən biridir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, xüsusilə Murovdağ tuneli bölgəyə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, onun ölkənin digər iqtisadi mərkəzləri ilə əlaqəsini gücləndirir. Bu layihələr dağlıq ərazidə nəqliyyatın təhlükəsizliyini artırır, turizm marşrutlarının genişlənməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına şərait yaradır.
Bölgənin dirçəlişinin ən mühüm göstəricisi, şübhəsiz ki, insanların doğma evlərinə qayıtmasıdır. İllərlə yurd həsrəti çəkən ailələrin yenidən Kəlbəcərdə məskunlaşması təkcə sosial hadisə deyil, həm də tarixi ədalətin bərpasının mənəvi təzahürüdür. Yeni evlərin açarlarını alan ailələr üçün bu mənzillər sadəcə yaşayış sahəsi deyil, doğma torpaqda yenidən qurulan həyatın, gələcəyə inamın və uzun illər gözlənilən arzunun gerçəkləşməsidir. Qayıdış prosesinin uğuru insanların təhlükəsiz yaşayışı ilə yanaşı, təhsil, səhiyyə, məşğulluq və digər xidmətlərin davamlı təmin edilməsindən də asılıdır.
Bu gün Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyub. Dağların qoynunda salınan yaşayış məhəllələri, yenilənən yollar, qurulan sosial infrastruktur və doğma yurda qayıdan ailələr bölgənin gələcəyinə inamı daha da artırır. Qarşıda duran əsas vəzifə bu inkişafı davamlı etmək, Kəlbəcərin zəngin potensialını ölkəmizin ümumi tərəqqisinə yönəltmək və burada yeni həyatın möhkəm təməllərini yaratmaqdır. Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün, milli həmrəyliyinin və dövlətçilik iradəsinin bariz nümunəsidir. Azad Kəlbəcər bu gün tarixi yaddaşımızı yaşadan, müasir inkişafımızı əks etdirən və gələcək nəsillərə qürurla ötürəcəyimiz milli sərvətimizdir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı
Xəbəri paylaş







































0772703001 