Rəşad Tağıyev rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarına baxış keçirib Fotolar

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Şəmkir rayonunda aqrar sektorun bütün istiqamətləri üzrə, xüsusilə heyvandarlığın inkişafı, məhsuldarlığın artırılması və fermerlərin dövlət dəstək mexanizmlərindən səmərəli istifadəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Respublikanın aparıcı aqrar rayonlarından biri olan Şəmkirdə əlverişli təbii-iqlim şəraiti, zəngin yem bazası və formalaşmış təsərrüfat ənənələri heyvandarlığın dinamik inkişafı üçün geniş imkanlar yaradır. Dövlət tərəfindən aqrar sahəyə göstərilən davamlı dəstək fermerlərin bu sahəyə marağını daha da artırmaqla yanaşı, təsərrüfatların genişlənməsinə və istehsal potensialının yüksəlməsinə əlverişli şərait formalaşdırır.
Rayonda fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarında müasir idarəetmə üsullarının tətbiqi, damazlıq işinin təkmilləşdirilməsi, yem bazasının möhkəmləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə edən fermerlər cins tərkibini yaxşılaşdırır, istehsal imkanlarını genişləndirir və bazarın keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunmasına mühüm töhfə verirlər. Eyni zamanda, bu sahədə əldə olunan nəticələr kənd yerlərində məşğulluğun artmasına da müsbət təsir göstərir.
Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarına baxış keçirib, yaradılmış şərait və görülən işlərlə yerində tanış olub. Təsərrüfat sahibləri rayon rəhbərinə heyvanların saxlanma şəraiti, yem bazasının təşkili, istehsal göstəriciləri və gələcək inkişaf planları barədə ətraflı məlumat veriblər.
Rayon rəhbəri fermerlərlə görüş zamanı onların təklif və müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Görüşdə fermerlərə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədləri, nəzərdə tutulan dövlət dəstəyi mexanizmləri, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə aqrar sektorun, xüsusilə heyvandarlığın daha da inkişafına mühüm töhfə verəcək.Qeyd edək ki, hazırda Şəmkir rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biri kimi inkişafını uğurla davam etdirir. Statistik göstəricilər də bu sahədə əldə olunan müsbət dinamikanı əks etdirir. 2026-cı il iyulun 1-nə olan məlumata əsasən, rayonda iri buynuzlu mal-qaranın sayı 55 min 934 baş (o cümlədən 28 min 288 baş ana mal), qoyun və keçilərin sayı isə 245 min 483 baş təşkil edir. Cari ilin birinci yarısında rayonda 53 min 62 ton ət, 30 min 109,7 ton süd, 454,2 ton yun istehsal olunub. Əldə olunan bu nəticələr Şəmkirdə heyvandarlıq sahəsinin davamlı inkişaf etdiyini, dövlət dəstəyi ilə fermer əməyinin uğurlu və real nəticələr verdiyini bir daha təsdiq edir.


Xəbəri paylaş







































0772703001 