23 İyun Dövlət qulluqçularının peşə bayramı Şəmkirdə qeyd edilib Fotolar

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliev, rayon icra hakimiyyətinin kollektivi 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması, dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət və vətəndaş məmnunluğuna əsaslanan idarəetmə modelinin yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
İcra başçısı qeyd edib ki, Ulu Öndərin dövlət quruculuğu sahəsində müəyyənləşdirdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət idarəçiliyində çeviklik, şəffaflıq, innovativ yanaşma və vətəndaşlara operativ xidmət prinsipləri daha da möhkəmləndirilir. Rəşad Tağıyev vurğulayıb ki, dövlət qulluğu yalnız vəzifə deyil, eyni zamanda dövlətə sədaqət, xalqa xidmət və yüksək məsuliyyət tələb edən şərəfli missiyadır. Bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunçuluq, ədalət, etik davranış, peşəkarlıq və vətəndaşlara həssas münasibət prinsiplərini əsas tutmalı, dövlət başçısının etimadını doğrultmaq üçün vicdanla çalışmalıdır. İcra başçısı qeyd edib ki, müasir dövrün çağırışları dövlət qulluqçularından daha çevik, təşəbbüskar, yeniliklərə açıq və məsuliyyətli olmağı tələb edir. Vətəndaş müraciətlərinə operativ baxılması, onların problem və qayğılarına həssas yanaşılması, dövlət xidmətlərinin keyfiyyətinin artırılması hər bir dövlət qulluqçusunun əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Bu baxımdan dövlət qulluqçularının üzərinə düşən məsuliyyət daha da artır və hər bir əməkdaş öz fəaliyyəti ilə dövlətin nüfuzunu yüksəltməyə çalışmalıdır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, dövlət qulluğu cəmiyyətin inkişafına xidmət edən mühüm və məsuliyyətli fəaliyyət sahəsidir. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında, vətəndaş məmnunluğunun təmin olunmasında, dövlətçilik dəyərlərinin qorunub möhkəmləndirilməsində dövlət qulluqçularının rolu danılmazdır.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaşa Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və Təşəkkürnamələri təqdim olunub.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən də bir sıra dövlət qulluqçuları Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.

Xəbəri paylaş







































0772703001 