Xəbər lenti

Elçin Tağıyev: Təhlükəsizlik orqanlarının milliləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Tarix: 28-03-2026 22:47     Baxış: 1 071

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin yaradılmasından götürür.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.

Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

Dahi şəxsiyyətin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi bu gün də Ulu Öndərin adını daşıyan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının kursantları - gələcəyin təhlükəsizlik əməkdaşları tərəfindən dərindən mənimsənilir.

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin edilməsinə, ölkəmizə qarşı yönələn terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir. Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşları fəaliyyətlərini müasir çağırışlara uyğun şəkildə quraraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.

Bu il də peşə bayramlarını böyük şövqlə qeyd edən Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!


Elçin Tağıyev

Tarixin səhifələri qəzetinin redaktor müavini, Mubarizciler.az xəbər portalının baş redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar