Əli İbrahimov: İnsanın şəxsiyyətinin və mənliyinin dəyəri tutduğu əməllərin nəticəsi ilə ölçülür
İnsanın şəxsiyyətinin və mənliyinin dəyəri tutduğu əməllərin nəticəsi ilə ölçülür.
Əgər insan cəmiyyət arasında öz hörmətinin azlığından narazıdırsa, heç kəsdən yox, birinci növbədə özündən küsməlidir. Çünki insan öz yerini hərəkət və davranışları ilə özü müəyyənləşdirir. Hər bir kəs öz həyatını, hərəkət və davranışlarını elə nizamlamalıdır ki, nə özünə, nə də başqalarına ziyan dəyməsin, əksinə, hər kəs xeyir götürsün. Belə xoş niyyətli insan olmaq, belə pak amallarla yaşamaq özü də bir gözəllik və xoşbəxtlikdir. Gözəllik isə sadəlikdən doğur və ailə tərbiyəsi, elm, əhatə və.s ilə də sıx bağlıdır. Geniş mənada insanın sadəliyi ağıl və ürəyin eyni məqsədlərə qulluq etməsindən, mənəvi kamillikdən, həyatı daha düzgün və dolğun başa düşməkdən irəli gəlir. Sadəlik - daxili saflığın zahiri nəticəsidir və öz gücünü Tanrıdan alır, ona görə də paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaq olur. Ağıllı, kamil insan nə qədər çox elmlərə yiyələnirsə, anlayır ki, hələ bilmədiyi, öyrənmədiyi çox şeylər var, onun gücü bizi əhatə edən ilahi güclər qarşısında heç maddi nöqtə də deyil və elə ona görə də Yaradana tabe olaraq, sadəliyi üstün tutur.
Zəif dünyagörüşlü, dayaz düşüncəli, yarımçıq elmli insanlar isə təkəbbürlü, lovğa, eqoist olur və hər fürsətdə özlərini bilikli, dolğun düşüncəli insan kimi göstərməyə çalışırlar. Vay o günə ki, belə adamlar dövlət idarəçiliyində mühüm vəzifə tutalar... Təkəbbürlü, lovğa, eqoist insanlar tutduğu həyat sükanını sabit saxlamaq üçün yeri gələndə insanlıq xüsusiyyətlərindən imtina edərək, bir halda əzazil, zülmkar olur, başqa halda isə itaətkara çevrilərək başqalarının qarşısında qul kimi əmrə müntəzir dururlar. Sadə, amma kamil insanlar isə heç vaxt qul ola bilməz, başqalarının əleyhinə heç bir addım atmazlar, tam əksinə. Çünki daxilində daşıdığı sadəlik insanı digər insanlara daha da yaxınlaşdırır, onlar arasında dostluq, səmimilik əlaqələri yaradır. Belə adamar həmişə sözünə və əqidəsinə bütöv olur, heç vaxt başqalarını darda qoymur. Təkəbbürlü, lovğa, eqoist adamların sözü isə heç vaxt bütöv olmur, çətinə düşəndə öz dostlarını, yaxınlarını belə meydanda qoyub qaçırlar.
Əli İbrahimov
Hüquqşünas.
Xəbəri paylaş