Arif Məlikovun məzarı doğum günündə ziyarət olundu - Fotolar 0
Sentyabrın 13-də görkəmli bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam olur.
Mubarizciler.az xəbər verir ki, bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını deyib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev bəstəkarın yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident İlham Əliyev tərəfindən də Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi, sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar 2019-cu ildə imzaladığı sərəncam bu diqqətin parlaq təzahürüdür.
Nazir diqqətə çatdırıb ki, görkəmli bəstəkarın 90 illik yubileydə geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın yubileyi həm də onun dünya klassik musiqisinin şah əsərlərindən sayılan “Məhəbbət əfsanəsi” baletinin yarım əsrdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulması ilə əlamətdar olacaq. Dünyanın bir sıra böyük səhnələrini fəth edən bu möhtəşəm balet nümunəsi 18-19 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.
Xəbəri paylaş