Ümummilli lider Heydər Əliyev və dayıoğlusu Quliyev Rzaqulu Hüseyn oğlu 0
Ümummilli lider Heydər Əliyev və dayıoğlusu Quliyev Rzaqulu Hüseyn oğlu.
İnsan dünyaya gəlir və ona yazılmış ömrü yaşayır, sonra da bir saniyədə gözlərini əbədi yumub əbədiyyətə qovuşur. Əslində onun mənəvi ömrü bundan sonra başlanır. Amma bu da hamıya qismət deyil. Çünki sən ikinci ömrünü öz əməllərinlə, xeyirxahlığınla, xalqına, millətinə xidmətinlə, yaratdıqlarınla və digər məziyyətlərlə elə qazanmalısan ki, unudulmayasan. Unudulmamaq! Bilmirəm, başqaları bunu necə qiymətləndirirlər, mənim düşüncəmə görə xoşbəxtliyin bir rəngi də elə budur. Ən dəhşətli məqam unudulmaqdır. Dünyada etibardan, vəfadan da gözəl dəyər yoxdur ki, əzizlərinə, doğmalarına, millətinin fədakar, ləyaqətli övladlarına sədaqətli olasan, onları anasan, tanıdasan. Belə bir müdrik fikir var "unutma ki, unudulmayasan”. Hərdən qürur duyuram ki, əlimə qələm aldığım gündən mənim yazılarımın əsas istiqaməti məhz belə şəxsiyyətləri xatırlamaq olub. İndi çalışdığım televiziya kanalında da elə bu amala xidmət edirəm. Bu yaxınlarda maraqlı, mənalı, həm də keşməkeşli ömür yaşamış bir şəxsiyyətin övladları ilə söhbət edirdim, xatirələr bizi çox uzaqlara apardı. Duydum ki, təzadlı, amma şərəfli həyat yoluna imza atmış bu vətən oğlu və millət aşiqi barəsində mütləq yazmalıyam. Çox dürüst deyimdir ki, insan yad edildiyi qədər yaşayır.
Onun ailəsi Zəngəzur mahalının Qarakilsə bölgəsinin (sonradan adı Sisian rayonu) Comərdli kəndində yaşayırdı. Salvartı dağının ətəyində yerləşən Comərdli azərbaycanlıların yaşadığı gözəl kəndlərdən biri idi. Bu kəndin yerli əhalisi qədim türk tayfası Kəngərlilərə məxsus ailələrin məskunlaşması hesabına yaranmışdır. Burada yaşayan insanların əsas məşğuliyyəti taxılçılıq, tərəvəzçilik, heyvandarlıq və s. idi. Evə çörək pulu gətirmək üçün bəzi cavanlar Bakıda neft mədənlərində çalışırdı. Bu gənclərin arasında Hüseyn də var idi. Təzəcə evlənmişdi. Yaxşı iş qurmaq, Bakıda ev almaq ailəsini yanına gətirmək arzusundaydı. Müjdəli bir xəbər onu Comərdliyə qanadlandırıb. Evdəki körpə qığıltısı ürəyini dağa döndərib. Humay adlı qızına Tanrı qardaş qismət eləmişdi. Körpəyə atasının ismini verib: Rzaqulu (vaxt gələcək o da öz oğlunun adını Hüseyn qoyacaq-F.X.) və köksünə sıxaraq "qayıdışın mübarək olsun, atam” pıçıldayıb. Amma... Bu xoş günlərin ömrü çox az olub. Erməni vəhşilərinin Zəngəzurda törətdikləri qan-qadanın illərə düşən ləpirləri pozulmaq bilmirdi. 1905-1907, 1915, 1918-ci illərdə soydaşlarımızın başına gələn fəlakətlər nəticəsində yalnız yaşayış yerlərimiz, evlərimiz yandırılıb, talan edilmədi. İnsanlarımız minbir vəhşiliklə qətlə yetirildi. Həmin vahiməli illərdə Hüseynin də ailəsi bu zülmə tuş gəldi. Daşnaklar neçə-neçə ailəni başsız qoydular. Rzaqulu da, bacısı Humay da doğmalarını - valideynlərini bu faciənin nəticəsində itirdilər. Daşnaklardan qurtulanların bir qismi Naxçıvana üz tutdu. Hüseynin bacısı İzzət xanım qətlə yetirilmiş qardaşlarının balalarını çox uzun zillətdən sonra tapdı. Onları bağrına sıxaraq bu çarəsizlərə nəinki bibilik, əsil analıq etdi. Beləliklə, Razaqulu, bacısı və digər yetim qalmış əmiuşaqları da Əlirza kişi ilə İzzət xanımın himayəsində böyüdülər, həyatın sitəmlərinə qalib gəldilər. Ailə böyük, dolanışıq ağır və çətin illər idi. Amma ailədə olan xoş ovqat, səmimiyyət, münasibətdəki mehribançılıq hamını ürək və can yanğısında birləşdirdi. Birlik dirilik gətirər. Əlirza Əliyev öz uşaqları ilə birlikdə Rzaqulunun da oxuması üçün mənəvi və maddi dayaq ola bildi.
Əmək fəaliyyətinə erkən başlayan Rzaqulu Quliyev sonralar müxtəlif ali məktəblərdə təhsil alıb. 1944-cü ildən Azərbaycan respublikasının dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb və 35 il bu orqanlarda nümunəvi xidmət edib. İctimai-siyasi həyatın fəal iştirakçısı olan Rzaqulu Quliyevin xalq arasında böyük nüfuzu və hörməti var idi. Onun əmək kitabçasına çox bölgələrimizin adı düşüb: Şərur, Ordubad, Naxçıvan, Əli Bayramlı, Bakı... Harada, hansı vəzifədə çalışmasına baxmayaraq, həm öz işində nümunəvi olub, həm də insanlara can yanğısı ilə yanaşıb. Əslində uşaqlıq illərində ermənilərin törətdiyi talançılıq və soyqırımılardan çəkdiyi əzablar onu çox həssas, qəlbiyumşaq etmişdi. Millətini çox sevirdi, bax buna görə də, hər kəsə kömək əlini uzatmağı, xeyirxahlığı bacarırdı. Sinəsində mərhəmətli ürək döyünürdü. Baxmayaraq ki, ona üz tutanlar əslində öz şikayətlərini başqa ünvanlara bildirməli idilər. Onların problemlərini həll etmək Rzaqulu Quliyevin missiyasına aid deyildi, amma o, heç kimin ürəyini qırmaz, naümid qaytarmazdı. O, çalışdığı rayonun, şəhərin həyatı ilə yaşamağı bacarırdı. Burada bir həqiqəti də etiraf etmək lazımdır. Rzaqulu Quliyev elə zamanda təhlükəsizlik orqanlarında çalışıb ki, millətimiz repressiyalardan yeni çıxmışdı, ikinci dünya müharibəsinin acılarını yaşamışdı. Hər iki zülmün vahiməsi canlardan çəkilməmişdi də... Başı hər cür bəla çəkmiş insanlarımız DTK-ya birmənalı münasibət bəsləmirdi. İnanan da var idi, ehtiyat edən də, amma Rzaqulu Quliyevi hamı sevirdi. Ondan nəinki qorxmurdular, əksinə ona etibar edirdilər, hətta bütün dərdlərini Rzaquluya danışır, ondan imdad istəyirdilər. Yaxından tanıyanların xatirələrindən bəlli olur ki, Rzaqulu Quliyev sadə, təvazökar, əməksevər idi. Həssas və soyuq düşüncəyə, alovlu ürəyə, eləcə də çirkaba bulaşmamış əllərə malik bir şəxsiyyət kimi yaddaşlara iz salıb. Ustad jurnalistimiz Elmira Axundova "Təmiz ad qoyub getdi” adlı məqaləsində qəhrəmanımızın məziyyətlərini belə ifadə edib: "Rzaqulu böyük həyat məktəbi keçmiş, zəngin təcrübəyə malik insan idi. O, elə bil operativ işçi doğulmuşdu. Bununla yanaşı, son dərəcə təmiz qəlbli, alicənab insan idi”.
Sözü ilə işi düz gələn, ictimai borcunu hər şeydən yüksəkdə görən Rzaqulu Quliyev bacarıqlı kəşfiyyatçı, mətin çekist idi. O, xalqın, millətin maraqlarını həmişə şəxsi istəklərindən üstün tutardı. "Onda insanlarla işləmək, insanı dinləmək, onun problemlərini duymaq istedadı var idi. O, insanların statusuna, sosial vəziyyətinə məhəl qoymadan onlara kömək edirdi... Onda ədalət hissi güclü inkişaf etmişdi. Xırdaca ədalətsizlik onu özündən çıxarırdı” (Elmira Axundova). Bu məqamda bir haşiyə çıxmağı da özümə borc bildim. Rzaqulu Əlirza Əliyevin ailəsində böyümüşdü. Onun tərbiyə aldığı mühit elə mənəvi dəyərlərlə zəngin idi ki, başqa cür olmaq da mümkün deyildi. Xüsusi ilə də Heydər Əliyevlə olan yaxınlıq, doğmalıq, hətta həyata baxışlarındakı eynilik onları qohumluqdan çox, dost etmişdi. Aralarında 8 yaş fərq var idi. Heydər Əliyev böyük məhəbbətlə ona "dayı” deyirdi. Rzaqulu Quliyevin yadigarı, sevimli qızı Zərifə xanım əzizləri arasındakı ünsiyyətin rəsmini sözlərlə belə çəkir: "Gənclik çağlarında onlar bir yerdə yaşamışdılar və xüsusiyyətlərindəki oxşarlıq dərhal özünü büruzə verirdi. Söhbətləri də, zarafatları da tuturdu. Heydər Əliyev atamı sevməklə yanaşı, ona böyük kimi çox hörmət edirdi. Onların xətti də, hətta imzaları da oxşar idi. Ədəbiyyata, musiqiyə çox maraq göstərərdilər. Eyni zamanda, bir neçə dil öyrənmişdilər”.
O dövrün müxtəlif mükafatlarına, orden və medallarına layiq görülmüş Rzaqulu Quliyev 1979-cu ildə "İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində rəisi müavini və Bakı Xalq Deputatları Sovetinin deputatı olub. Həyat yoldaşı Zərri xanımla birlikdə üç övlad böyüdüblər: Hüseyn Zərifə, Aidə. Nə xoş ki Rzaqulu Quliyevin oğul və qızları atalarının arzu və diləklərinin çiçək açması üçün əsl fədakarlıq göstərərək ləyaqətli ömür sürür və faydalı işlə məşğuldurlar. Siyasətimiz, sağlamlığımız, yaşayışımız - bu üç amilin möhkəmliyi yolunda əllərindən gələni səfir, həkim və iş adamı kimi əsirgəmirlər.
1982-ci ilin aprel ayı.... İşlədiyim "Azərbaycan müəllimi” qəzetində növbətçi idim. Bildirildi ki, nekroloq gözlənilir. Qara xəbər tez yayılır. Məlum oldu ki, dünyasını dəyişən Rzaqulu Quliyevdir. İnanılmaz idi. Heç 67 yaşını belə tamamlamayan, möhkəm iradəli şəxsiyyət kimi tanıdığımız bu unudulmaz insanın zahiri görkəmi də belə təsir bağışlayırdı, amma çəkdikləri onu içindən yeyirmiş. Tezdən işə gedərkən qəfildən dünyasını dəyişib... O ağır günü göz yaşları ilə xatırlayan Zərifə Quliyeva söyləyir: "Əvvəlcə özümüzü itirdik. Sonra lazımi yerlərə zəng etdik. Heç on dəqiqə çəkmədi ki, Zərifə xanımla Heydər Əliyev bizə gəldilər. İndiki kimi yadımdadır, Heydər Əliyev iki əliylə başını tutaraq əyləşdi. Onun dediyi hüzünlü sözlər hələ də qulaqlarımdan çəkilməyib: "...mənım bir hissəm ölüb”.
...Şəkillərə baxıram. Heydər Əliyevlə Rzaqulu Quliyevin birlikdə çoxlu fotosu var. Sonuncusunda da ümummilli liderimiz dərin bir hüznlə gənclik dostunun, doğmasının tabutunu çiynində aparanların ön sırasındadır. Yadıma 34 il öncə nekroloqda oxuduğum son cümlə düşdü: "Azərbaycan xalqı öz sədaqətli və fədakar oğlunu heç vaxt unutmayacaq”. İllər də təsdiqlədi ki, həqiqətən də xalq və Vətən üçün çalışıb yaşayanlar heç bir zaman unudula bilməz. Mənalı ömürdən qalan izlər zamana meydan oxuyur, amma pozulmur.
Xəbəri paylaş