Daşkəsəndə “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib Fotolar
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
Mubarizciler.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov,YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin sədri Duman Abbasov, Daşkəsəndə yaşayan Qərbi Azərbaycanlılar, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Təqdimat mərasimi Dövlət Himninin səsləndiirlməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılmışdır. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı, həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoymuşdur. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməmişdir, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilmişdir. Qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də, qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir, beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Hazırda Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq platformalarda müzakirə olunur və bu istiqamətdə işlər aparılır.
İcra başçısı Orxan Abbasov diqqətə çatdırıb ki, “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasına aid olan kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilmişdir. Araşdırmada istinad edilən xəritə kolleksiyaları Berlin Humboldt Universitetinin Coğrafiya Departamentindən, Greifsvald Universitetinin Coğrafiya və Geologiya İnstitutundan, İndiana Universitetinin Elmi Kitabxana Fondundan, ABŞ Milli Konqres Kitabxanasından, Rusiya Coğrafiya Cəmiyyətinin Tarixi kartoqrafiya bölməsindən toplanmışdır. Nəşr həm milli-mədəni irsin qorunmasına, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycan həqiqətlərinin tanıdılmasına əhəmiyyətli töhfə verir. Geniş oxucu auditoriyası, xüsusilə tarixçilər, hüquqşünaslar, tədqiqatçılar və mövzuyla maraqlanan bütün şəxslər üçün nəzərdə tutulmuş bu kitab geniş araşdırma imkanları təmin edir.
Digər çıxışlarda Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara, mədəni irsin məhvinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti məsələsinə toxunulub və Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti ilə soydaşlarımızın öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqlarına əminlik ifadə edilib.
Sonda “Qərbi Azərbaycan İrsi” mövzusunda videoçarxa baxış keçırilib.
Xəbəri paylaş



