Xocavəndin İcra başçısının növbəti səyyar qəbulu Ağcabədi rayonunda keçirilib Fotolar

13 avqust 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, qəbulda rayon sakinləri və İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, son bir ay ərzində ölkəmizin daxili inkişafı, xarici siyasi əlaqələrinin gücləndirilməsi, regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq platformalarının genişləndirilməsi baxımından mühüm addımlar atılmış, dövlət başçısı tərəfindən yüksək səviyyəli rəsmi görüşlər keçirilmişdir. Dövlət başçısı tərəfindən qəbul edilən xarici nümayəndə heyətləri, ikitərəfli və çoxtərəfli formatda keçirilən müzakirələr bir neçə əsas istiqaməti əhatə etmişdir. İlham Əliyev dost və tərəfdaş ölkələrin nümayəndələri ilə görüşlərində ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun dərinləşdirilməsini və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini xüsusi vurğulamışdır.
Eyni zamanda, görüşlərin mühüm bir hissəsi ölkəmizin təşəbbüskarı olduğu nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Orta Dəhlizin imkanlarının genişləndirilməsinə, "yaşıl enerji" keçidinə və xarici investisiyaların cəlb edilməsinə həsr olunmuşdur. Beynəlxalq tərəfdaşlarla danışıqlarda Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunması, regionda yeni əməkdaşlıq imkanlarının yaradılması yönündə Azərbaycanın prinsipial və konstruktiv mövqeyi bir daha diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu görüşlər və əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunmasına, iqtisadi potensialının güclənməsinə və beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdış proqramının icrası cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Dövlət başçısının Xocavənd rayonuna son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində cənab Prezident Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində aparılan genişmiqyaslı bərpa, təmir və infrastruktur işləri ilə yaxından tanış olmuş, öz dədə-baba yurdlarına qayıdan sakinlərlə samimi görüş keçirmişdir. Ümumilikdə ötən ilin oktyabrından bu günədək Xocavənd rayonunun 8 yaşayış məntəqəsinə 3870 nəfər - 945 ailə qayıdıb. Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.




Xəbəri paylaş







































0772703001 