Xəbər lenti
25-07-2026, 19:27
 

Bu gün Goranboy rayonunun inzibati rayon kimi yaradılmasından 96 il ötür Fotolar

Tarix: 08-08-2026 12:14     Baxış: 2 128

Bu gün Goranboy rayonunun inzibati rayon kimi yaradılmasının 96 illiyi tamam olur.

Mubarizciler.az xəbər verir ki Goranboy rayonu - inzibati ərazi vahidi kimi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə yaradılmışdır.

Sahəsi-1700.25 km2, əhalisi-102,7 min nəfərdir. O cümlədən rayon ərazisində 11847 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmış, onların bir hissəsi artıq Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüşdür.

Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var.

Rayon inzibati ərazi vahidi kimi 1930-cu ildə yaradılsa da, Goranboy çoxəsrlik zəngin tarixə malik yaşayış məskəni kimi, Azərbaycanın qədim yurd yerlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar və elmi araşdırmalar nəticəsində aşkar edilmiş, tunc və dəmir dövrlərini əhatə edən maddi mədəniyyət nümunələrinin olduğu Səfikürd, Borsunlu və digər qədim yaşayış məskənləri, erkən orta əsrlər dövrünə aid kurqan və sərdabələr bunu bir daha sübut edir. Goranboy rayonu tarixi İpək yolunun üzərində yeləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynamış, bəşər sivilizasiyasına öz töhfələrini vermişdir. V-VII əsrlər Alban məbədləri, IX-XII əslər Şətəl şəhər və Gülüstan qalaları bunu bir daha təsdiq edir.

Azərbaycan tarixində siyasi əhəmiyyət kəsb edən 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay və 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqavilələri rayonumuzun ərazisində imzalanmışdır.

Goranboy rayonunun əhalisi birinci Qarabağ savaşında və Vətən Müharibəsində qəhrəmanlıqla döyüşmüş, Goranboylular bu döyüşlərdə 353 şəhid vermiş, 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 1 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 

Goranboy görkəmli ictimai-dövlət xadimləri, elm və əmək adamları, ziyalıları ilə də Azərbaycan tarixində öz çəkisi olan rayonlarımızdan biridir. XIX əsrin görkəmli ictimai xadimi, məhşur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adığözəl bəy, tanınmış publisist, Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətləri olan Əsgər Ağa Gorani, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Azərbaycanda ədliyyə- məhkəmə və poçt-teleqraf sistemlərinin qurucusu, ilk Ədliyyə və Poçt-Teleqraf nazirləri vəzifələrində işləmiş Aslan bəy Səfikürdinski, Azərbaycanın ən məhşür Xalq Qəhrəmanı Alı Adıgözəlov (Dəli Alı), Sovet İttifaqı qəhrəmanları Məmməd Məhərrəmov və İdris Süleymanov, ilk dəfə 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış Bəsti Bağırova, görkəmli şair Nigar Rəfibəyli, tanınmış elm xadimləri, ziyalılar Qori Seminariyasının məzunu Rəhimbəy Qulubəyov, Ziya Bünyadzadə, Mikayıl Qulubəyov,Mikayıl Rəfili, Cabbar Axundov, yeniyetmələr arasında ilk Olimpiya çempionu Elman Muxtarov kimi goranboylular öz adlarını Azərbaycanın tanınmış insanlarının siyahısına qızıl hərflərlə yazdırmışlar.

Goranboy rayonunun inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 3 dəfə; 1978, 1982 və 2002- ci illərdə rayonumuza səfər etmiş və Goranboyun Respublikanın həyatında xüsusi əhəmiyyətinin olduğuna diqqət çəkərək vurğulamışdır : “Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Goranboy rayonuna etdiyi 9 səfərin hər biri rayonun inkişafına ciddi təkan vermiş, yeni sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ilə nəticələnmişdir. Bu gün rayonda fəaliyyət göstərən 10-dan artıq iri sənaye və istehsal müəssisəsinin yaradılması, yeni iş yerlərinin açılması, sosial obyektlərin tikintisi və infrastrukturun yenilənməsi Goranboyun davamlı inkişafının göstəricilərindəndir.

Son illərdə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri Goranboyun simasını əhəmiyyətli dərəcədə dəyişmişdir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, elektrik və su təsərrüfatının yaxşılaşdırılması, yeni sosial obyektlərin inşası, kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi rayonun iqtisadi potensialının daha da artırılmasına xidmət edir. Goranboyda sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə həyata keçirilən layihələr əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verir.

Bu gün Goranboy rayonu qədim və zəngin tarixi, qəhrəmanlıq salnaməsi, görkəmli şəxsiyyətləri və müasir inkişafı ilə Azərbaycanın mühüm rayonlarından biri olaraq öz mövqeyini qoruyur. Rayonun keçmişdən gələn zəngin irsi ilə müasir inkişafının vəhdəti Goranboyun gələcəkdə də daha böyük uğurlara imza atacağına əminlik yaradır.

Əziz goranboylular.

-Goranboyun inzibati rayon kimi yaradılmasının 96 illiyi münasibəti ilə, sizləri təbrik edir, rayonumuzun hərtərəfli inkişafı yolunda hər birinizə uğurlar arzu edirik.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar