Rəşad Tağıyev kartofçuluqla məşğul olan bir sıra təsərrüfatlarda olub, əkin sahələrinə baxış keçirib və fermerlərlə görüşüb Fotolar

Kənd təsərrüfatı Şəmkir rayonunun sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla, əhalinin məşğulluğunun artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl dəstək tədbirləri və müasir aqrar yanaşmaların tətbiqi rayonda məhsul istehsalının artmasına əlverişli zəmin yaradıb. Bu baxımdan, cari ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" istehsalın səmərəliliyinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması və fermerlərin fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mubarizciler.az xəbər verir ki, Aqrar sahədə mövcud vəziyyətlə yerində tanış olmaq, istehsalçıların təkliflərini dinləmək və onları narahat edən məsələləri müzakirə etmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev kartofçuluqla məşğul olan bir sıra təsərrüfatlarda olub, əkin sahələrinə baxış keçirib və fermerlərlə görüşüb.
Görüş zamanı Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yeni Dövlət Proqramında da əsas hədəf məhsuldarlığın artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Qarşıda duran vəzifələrin uğurla icrası ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.Fermerlər göstərilən dövlət dəstəyinin istehsalın genişlənməsinə əlverişli şərait yaratdığını vurğulayaraq, aqrotexniki qaydalara düzgün əməl olunmasının nəticəsində bu il bol məhsul əldə etdiklərini bildiriblər. Məlumat üçün bildirək ki, cari ilin altı ayı ərzində Şəmkirdə 6323 hektar sahədə kartof əkilib. 2026-cı ilin iyul ayına olan statistik göstəricilərə əsasən, 4903 hektar sahədə yığım aparılıb, 35568 ton məhsul tədarük olunub. Əldə olunan nəticələrdən məmnunluqlarını ifadə edən fermerlər növbəti mövsümdə kartof əkin sahələrini daha da genişləndirməyi planlaşdırdıqlarını bildiriblər. Bu göstəricilər Şəmkirdə kartofçuluğun uğurla inkişaf etdiyini və sahənin gələcək perspektivlərinin yüksək olduğunu təsdiqləyir.



Xəbəri paylaş







































0772703001 