Təhmasib Rüstəmov: Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı
İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti Şərqdə ilk demokratik dövlətin əsasını təşkil edir. Daha bariz şəkildə ifadə etsək, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli kimliyinin, hansı ideyalarla yaşamasının parlaq təcəssümü idi. Bu ideyalar, demokratik prinsiplərə sadiqlik, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması məqsədləri 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən Azərbaycan Milli Şurasının tarixi iclasında qəbul edilən İstiqlal Bəyannaməsində aydın şəkildə ifadə olunmuşdur. Sənəddə göstərilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, təbəqəsindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, genişmiqyaslı demokratik islahatlar həyata keçirdi, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul etdi. Cümhuriyyətin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan Parlamentinin fəaliyyəti mütləq qeyd edilməlidir. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması, dövlət bayrağının qəbul edilməsi, mətbuat sahəsində senzuranın ləğv olunması və bu kimi digər tarixi əhəmiyyətə malik olan islahatların aparılması milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə müstəsna töhfələr verdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. Xalq Cümhuriyyəti bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər qadınların ən adi hüquqlarını belə məhdudlaşdırmaq yolunu tutmuşdular. Bu gün Cümhuriyyətin xalqımızın taleyində rolundan bəhs edərkən milli-mənəvi dəyərlərimizin, tarixi kimliyimizin qorunması istiqamətində görülən işlərin də müstəsna əhəmiyyətini qeyd etməliyik. Belə ki, ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdur. O dövrdə təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olmuşdur. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. AXC parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun ölkəmizdə milli təhsil sisteminin inkişafı və vətənpərvər milli kadrların hazırlanması baxımından müstəsna rola malik olmuşdur. Təəssüf ki, müstəqil dövlətimizin süqutu Cümhuriyyətin başlatdığı bu geniş proseslərin yarımçıq qalması ilə sonuclandı. Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci il aprel ayının 28-də süquta uğradı.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra hər daim Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsinə böyük önəm verib. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edib. Çıxışlarının birində Cümhuriyyətin tarixinə qiymət verən Ümummilli Lider deyirdi: «Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. 28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə, məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur». Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları da dövlətçilik tariximizə verilən önəmin bariz nümunəsidir.
Hazırki dövrdə isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, yüksək qiymət verir, onun qurucularına böyük ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırıb. Həmin gün 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşkil olunan rəsmi qəbulda nitq söyləyən dövlət başçısı AXC-nin Azərbaycan tarixindəki rolunu qeyd edərək, Şərqin ilk demokratik Cümhuriyyətinə olan hörməti ifadə edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır: «Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam da Cümhuriyyət tarixinə diqqət və ehtiramın bariz göstəricisidir. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinin tarixi əhəmiyyətə malik əsasları diqqətə çatdırılıb. Əlbəttə, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Bu Sərəncamın imzalanması və Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi Azərbaycan dövlətinin tarixinə bağlılığını və bu tarixə yüksək dəyər verdiyini göstərir. “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə mühüm tədbirlərin keçirilməsi, dövlətçilik tariximizin, xalqımızın ənənələrinin öyrənilməsi və təbliğ olunmasına, o cümlədən gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir. Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan demokratik dəyərlərə sadiqdir. Bəli bu mənada, bu gün böyük qürurla deyə bilərik ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən Müharibəsində bütün işğalda olan ərazilərimizi azad etməklə dövlətçilik tariximizdə yeni bir qəhramanlıq səlnaməsinin əsaslarını yaratdı. Xüsusi vurğulamaq lazımdır ki, əgər 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqil dövlətimiz əsrin əvvəllərində yaşadığı aqibətlə yenidən üz-üzə qala bilərdi. Bu gün demokratik dəyərlərə sadiq olan müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi kimi onun demokratik ənənələrini uğurla davam etdirir. Azad və müstəqil ölkəmiz heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi ölkəmizin qüdrətini artırır. Daha bariz şəkildə ifadə etsək Azərbaycan həm iqtisadi-siyasi, həm də demokratik inkişaf baxımından yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də bu məqama toxunan dövlət başçısı bildirib ki, biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Xəbəri paylaş