Vətən müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin doğum günüdür - Fotolar
Cəbrayılda ilk Azərbaycan bayrağını qaldıran, dörd dəfə yaralanmasına baxmayaraq, Şuşanın azadlığı uğrunda döyüşən xüsusi təyinatlı kəşfiyyatçımız, Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycan Ordusu öz əzmi, mərdliyi, igidliyi ilə siyasi müstəvidə yeni reallıq yaratdı. 28 ildə BMT Təhlükəsizlik Şurasının ATƏT-in Minsk qrupunun və digər müvafiq qurumların reallaşdıra bilmədikləri vəzifəni 44 günə şərəflə gerçəkləşdirdi. Ermənistan və havadarlarının işğal etdiyi torpaqlarımız Vətən oğullarının canı, qanı bahasına azad olundu. Bu müqəddəs missiyanı şərəflə yerinə yetirən, Azərbaycanın yeni tarixini yazan şəhidlərimizi rəhmətlə anır, müqəddəs ruhları qaşısında baş əyirəm.
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı - istehkamçı Mehrab Söhrab oğlu Niftəliyevin ömür və döyüş yolundan söz açılacaq. Vətən müharibəsinin başladığı gündən II Qarabağ müharibəsində iştirak edən hərbçimiz vətənpərvərliyi, mərdliyi, qəhrəmanlığı ilə Cəbrayıldan Şuşayadək şərəfli döyüş yolu keçib, adını hərb tariximizin şanlı səhifəsinə həkk etdirib.
Sumqayıt şəhər sakini olmuş Mehrab Niftəliyev 1985-ci ildə Qubanın Qam-qam kəndində doğulub. Məktəb illərindən vətənpərvərliyi ilə seçilən Mehrabın hərb sənətinə böyük marağı olub. Bu maraq və qəlbindəki Vətən sevgisi gələcəkdə onun peşəkar hərbçi olmasına zəmin yaradıb. Onun bütün taleyini, ömrünü orduya, hərbə bağlayan qəlbinin dərinliklərində kök salan istək- işğal olunmuş torpaqlarımızı azad etmək amalı idi.
Mehrab Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edir. Gənc hərbçi qısa zamanda ona olan ümidləri doğruldur, respublikamızda, eləcə də xarici ölkələrdə təşkil edilən bir sıra hərbi təlimlərdə uğurlara imza atır. O, xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini uğurla tamamlayaraq kəşfiyyatçı - istehkamçı kimi ixtisaslaşır. Silahlı Qüvvələrin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edir.
Mehrab Niftəliyev Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı hərbi qurumu olan Xüsusi Təyinatlı Qüvvələrdə çətin və qeyri-standart vəziyyətlərdə peşəkarlıq, şəxsi cəsarət göstərir. Erməni dilini öyrənən mahir kəşfiyyatçımız düşmənin arxa tərəfinə keçərək bir neçə erməni hərbçisini əsir götürür. O,Vətən müharibəsinədək bir çox hərbi tapşırıqları layiqincə yerinə yetirir, xüsusilə Aprel döyüşlərində igidliyi ilə seçilir.
Vətən müharibəsinin ilk günlərindən döyüş bölgəsinə göndərilir. Həyat yoldaşı hərbçimizin cəbhəyə getdiyi günü belə xatırladı: “Bir yerdə bayraq aldıq. Dedi bunu Şuşaya aparacam. Müharibədə Şuşanı arzulayırdı, Şuşa uğrunda döyüşmək onun arzusu idi, arzusuna çatdı ”.
Baş gizir Mehrab Niftəliyev cəbhənin müxtəlif bölgələrində erməni işğalçılarına qarşı əzmlə vuruşur. Düşmənin illərdən bəri qurduğu istehkamları yararkən həmişə ön sırada olur. O, Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərir. Komandiri Toğrul Məmmədovun söylədiyi kimi, bütün döyüşlərdə qabaqda, ön cərgədə gedir, tapşırıqları qüsursuz yerinə yetirir: “Müharibənin ən qızğın döyüşləri Cəbrayıl, Füzuli və Şuşa istiqamətində oldu. Mehrab da bu döyüşlərdə düşmənin onlarca zabitini və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv etdi”.
Mehrab Niftəliyev döyüşlərə silahından əlavə 60 kq-a yaxın çəkisi olan müxtəlif sursatlarla girirdi. Üstündə bu qədər ağır yük və dizindəki qəlpə yarasına baxmayaraq, yalnız irəli gedirdi. Düşmənin nə mərmisi, nə topu dayandıra bilirdi onu. Məhz bu xüsusiyyətlərinə görə cəbhə yoldaşları kəşfiyyatçımıza “Terminator” ləqəbi vermişdilər.
Vətən müharibəsində onunla birlikdə vuruşan İlqar Hüseynovun səmimi etirafında deyildiyi kimi: “Hər adamın edə bilmədiyini bacarırdı. Biz nədənsə ehtiyat edirdiksə, Mehrab çəkinməzdi, döyüş dostlarını daha da irəli aparardı. Onunla döyüşdən çox yaralı və şəhid düşən əsgərlərimizi çıxarmışıq, ürəkli, mərd, vətənpərvər idi”.
Burada bir haşiyəyə çıxmaq yerinə düşər: Vətən müharibəsindən də əvvəl müxtəlif hərbi əməliyyatlarda iştirak edən Mehrab hələ 2012-ci ildə xüsusi döyüş tapşırığını yerinə yetirərkən özünün də təhlükədə olmasına baxmayaraq, döyüş yoldaşı Teyyubun həyatını xilas edib. Çox ağır vəziyyətdə olan dostunu döyüş meydanından təkbaşına çıxararaq özü ilə təhlükəsiz yerə gətirib. Xüsusi təyinatlı hərbçimiz, baş leytenant Teyyub Hacıyevin danışdığı bu hadisə igid kəşfiyyatçımızın insanlığının, sədaqətinin və fədakarlığının təzahürüdür. Yalnız mənəvi aləmi zəngin olan şəxslər belə keyfiyyətlərə malik ola bilər.
Cəbrayıl istiqamətində döyüşlərdə mərdliyi ilə fərqlənən gənc kəşfiyyatçımız həm də bir istehkamçı kimi misilsiz şücaət göstərir. Cəbrayıla ilk bayrağı sancaraq, adını tarixə həkk edir. Komandiri Toğrul Məmmədov həmin tarixi anları qürurla xatırladı: “Cəbrayılda hər şeyi dağıtmışdılar, yalnız hərbi hissələr qalmışdı. Orada hərbi hissəyə ilk girənlərdən biri Mehrab idi. Biz hərbi hissəyə doğru irəlilədikdə Mehrab qəflətən irəli atılıb erməni polkovnikini, polkovnik – leytenantını və düşmənin bir neçə əsgərini məhv etdi. Həmçinin Cəbrayılda bir neçə erməni hərbi əsgərini məhv etdi. Cəbrayılın ilk görüntülərində də siz Mehrabın şəklini görə bilərsiniz. Həmişə, hər zaman üstündə bayraq gəzdirirdi. Cəbrayılda ilk Azərbaycan bayrağını Mehrab qaldırıb. Hərbi hissənin qabağında da şəkilini çəkmişdilər”.
Mehrab Niftəliyev son döyüşündə - Qarabağın tacı olan Şuşanın azad olunması əməliyyatında əsl qəhrəmanlıq salnaməsi yaratdı. Həmin döyüşlərdə onunla çiyin-çiyinə vuruşmuş silahdaşlarının xatirələrini dinlədikcə Mehrabın portreti canlandı gözüm önündə. Mehrab Niftəliyevin son döyüşü barədə onun komandiri böyük fəxrlə, ehtiramla danışdı: “Şuşa istiqamətində də beş gün bir yerdə döyüşmüşük. Sonra mən yaralandım. Digər döyüş yoldaşımız da yaralanmışdı. Mehrab onu çıxartdı döyüş meydanından, sonra özü də yaralı olmasına baxmayaraq irəlilədi. Düşmənin şəxsi heyət və sursat daşıyan iki maşınını qumbara ilə partlatdı. Ən böyük arzusu Şusa uğrunda vuruşmaq idi. Arzusuna da çatdı”.
Ucaboylu, mavi gözlü, cəngavər cüssəli igid kəşfiyyatçımızın məxsusi döyüş taktikasına, cəsurluğuna, həm də mənəvi-insani keyfiyyətlərinə heyran qalmamaq mümkün deyil: “Mehrab bizim qorxmaz, cəsur, ürəkli, sözünü deyən yoldaşlarımızdan idi. Axırıncı, son döyüşlərdə onun göstərdiyi şücaət təqdirəlayiqdir. Yaralanmamışdan əvvəl Mehrab əvvəlki döyüşlərdə yaralanan əsgərlərimizə əlindən gələni əsirgəmədi. Güllə altında qalanları canı-qanı bahasına olsa da, ordan çıxarırdı”. Mehrabla Xüsusi Təyinatlı Qüvvələrdə birlikdə eyni cəbhədə vuruşan Ramin Şabanovun bu fikirləri qəhrəmanımızın hazırlıqlı, peşəkar kəşfiyyatçı, bacarıqlı istehkamçı olması ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərini ifadə edir.
Topsuz, mərmisiz, PUA-sız Şuşanın azad olunması əməliyyatı dillərdə dastana çevriləcək hərb tariximizin şanlı səhifələrindəndir. Onlarca xüsusi təyinatlı hərbçimiz kimi gizir Mehrab da bu şanlı tarixi öz qanı, canı ilə yazır. Dizindəki qəlpə ilə dörd dəfə yaralanmasına baxmayaraq, geri çəkilmir, qala şəhərimizin azadlığı uğrunda vuruşur. Şuşada üçrəngli aylı – ulduzlu Azərbaycan bayrağı yüksəklərə qalxdıqdan sonra, özü də yüksək zirvəyə – şəhidlik məqamına ucalır.
Mehrab Niftəliyev ölümündən sonra dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Dekabrın 15-də isə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olundu.
Kəşfiyyatçı şəhidimizin özündən sonra şəkillərdən boylanan nurlu siması, yaddaşlara hopan, qəlblərdə yaşayan xoş xatirələri, dastana dönən qəhrəmanlığı, bir də Ləman, Sənan və Kamran adlı üç övladı yadigar qaldı.
Mehrab Niftəliyevin 10 yaşlı qızı Ləmanı dinləmək bir acı, kiçik qəlbində döyünən ata həsrətinin iztirabını, sevgisini, nisgilini qələmlə təsvir etmək isə başqa bir acıdır: “...Yaşmada ailəvi dost olduğumuz Aylin ilə dedik ki, boya, kağız alaq nəsə düzəldək, atalarımız gəlsin sürpriz edək. Onun atası yaralandı, elə bildim mənim atam da yaralanıb. Çox istəyərdim mənin atam da sağ olsun. Atasızlıq çox pis şeydi. Ata getdisə, evin dirəyi də getdi”.
Gözüm çərçivədəki xoşbəxt ailə fotosuna dikilir. Qəhrəmanımızın həyat yoldaşını dinlədikcə əmin oldum ki, nümunəvi kəşfiyyatçı Mehrab Niftəliyev həm də məsuliyyətli ailə başçısı, həssas ömür - gün yoldaşı, qayğıkeş ata olub: “Hər bir ata uşağını sevir, Mehrabda bir başqaydı.Uşaqları ilə hərtərəfli məşğul olurdu, hər sahədən danışır, şəxsiyyət kimi rəftar edirdi onlarla. Müharibəyə getməmişdən hər şeyi mənə dedi, hər danışığında da deyirdi. Hər xəbərə hazır ol, dik dayan, ola bilsin ki, qayıdışım olmadı...”
Kədərini gizlədib, göz yaşlarını ürəyinə yağdırır, xatirələrlə ovunub, övladları ilə təskinlik tapır şəhid xanımı. Təsəlli yeri bir də Mehrab kimi yüzlərlə şəhidlərin canı bahasına azad olunmuş vətən torpaqlarıdır: “Arzularımız yarımçıq qaldı, amma o, istədiyi zirvəyə çatdı. Çox çətindi, 3 balası var, mən onlara görə dik dayanacam. Onun balalarını böyüdəcəm... Elə bilirəm gələcək, axşam olur, saat 8-də işdən gəlirdi, elə bilirəm yenə gələcək. Noyabrın 11-də mən bütün qadın xoşbəxtliyimi onunla dəfn elədim. Fəxr edirəm onunla, qürur duyuram. Acısı böyükdü, qəhrəmandır Mehrab, balalarımın qəhrəman atasıdır”. Bu şəhid xanımının simasında ləyaqəti, şərəfi ilə şəhidinin ruhuna sədaqətli, ürəyində sevgisiylə kədərini qoşa yaşadan bütün Azərbaycan qadınlarının qarşısında baş əyirəm.
Kəşfiyyatçı -istehkamçı, gizir, “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” medalına layiq görülmüş Mehrab Niftəliyevin məzarı Sumqayıtın Şəhidlər xiyabanındadır. Onun abidəsi isə Vətən müharibəsinin 2802 şəhidi ilə birlikdə xalqımızın qəlbində ucaldılıb. Ən böyük abidə də xalqın qəlbində ucalan abidədir.
Xəbəri paylaş