Səxavət Qədirov: Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib
Azərbaycan xalqı keçmiş Sovet İttifaqına, həmçinin dünya elminə çox böyük tarixi şəxsiyyətlər, elm xadimləri, alim və ziyalılar bəxş etmiş və bu şəxsiyyətlər mənsub olduğu xalqın nə qədər elmli və mədəni, eyni zamanda dünyanı dərk etmə baxımından intellektli olduğunu bütün dünyaya öz elmləri ilə sübut etmişlər.
Bu alimlərə misal olaraq filosof- şair Nizami Gəncəvini, astronom alim, həmçinin siyasi xadim olan Nəsirəddin Tusini, yenə dövlət xadimi olan, tarixçi alim, həkim Fəzlullah Rəşidəddini, filosof, qəlb şairi olan Məhəmməd Füzulini, o cümlədən tibb elmi üzrə məşhur alim Mustafa Topçubaşovu, kimyaçı alim, yüksək oktanlı təyyarə benzini ixtira edən Yusif Məmmədəliyevi, 20-21 əsrlərin ən böyük alimi olan, müasir dünyanın elm dahisi olmuş Lütfü-Zadəni və başqalarını misal göstərə bilərik. Bu alimlər arasında adını qeyd etmədiyim və özünün elmi - tibbi araşdırmaları ilə,eyni zamanda Azərbaycanda ovtolmologiya elminin inkişafında müstəsna xidmətləri olan, həmçinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı, müzəffər Ali Baş komandanınız, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının anası olan Akademik Zərifə xanım Əliyevadır.
Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.
8 noyabr 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.Akademik
Z. Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Uca Allahdan Zərifə xanım Əliyevaya rəhmət diləyirik. Nə qədər ki Azərbaycan xalqı yaşayır, alimin xalqı üçün etdikləri unudulmayacaq, xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqdır.
Səxavət Qədirov
Goranboy rayon Statistika idarəsinin rəisi.
Xəbəri paylaş