Milli Qəhrəman İmanverdi Əliyevin anım günündə ailəsi ziyarət olunub - FOTO 0
Bu gün Milli Qəhrəman Əliyev İmanverdi Barat oğlunun 32-ci ildönümüdür.
Mubarizciler.az xəbər verir ki, bu münasibətlə şəhidin ailəsinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Rayon Polis Şöbəsinin həyətində şəhidimizin xatirəsinə ucaldılmış büstünün önünə gül dəstələri düzüblər, igid Vətən oğlunun əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra iştirakçılar şəhidin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıblar. Səmimi söhbət zamanı icra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə bir daha sübut etdi ki, Milli Qəhrəman İmanverdi Əliyev kimi igidlərimiz ölkəmizdə böyük bir qəhrəmanlıq məktəbi yaratmışdır. Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdi. Həmçinin bildirib ki, bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.
Xatırladaq ki, 15 noyabr 1991-ci ildə Erməni yaraqlıları Hadrut rayonunun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. Həmin döyüşdə xüsusi rəşadət göstərən İmanverdi Əliyev qəhrəmancasına şəhid olub. Əliyev İmanverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib və adının əbədiləşdirilməsi məqsədilə İmişli şəhərindəki küçələrdən biri onun adını daşıyır. Həmçinin rayonun Qulubəyli kənd orta məktəbi də Milli Qəhrəmanın adınadır.
Xəbəri paylaş