Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir 0
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir.
Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Akademik Ramiz Mehdiyevin sözləri ilə desək, “Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır”.
Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.
Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil.
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Göründüyü kimi, burada ideologiyanın tarixi-siyasi funksiyası ilə dilin rolu arasında uyğunluq öz əksini tapır. İdeologiyanın vəzifəsi gələcəyi yaratmaqdır. Prezidentin fərmanında xalqın gələcəyi həm də onun dili, zəngin dil mədəniyyəti ilə əlaqələndirilir. Burada böyük tarixilik duyğusu ilə qeyd olunur ki, “XX yüzillik Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur”. Heydər Əliyevin milli ideologiya konsepsiyasında da XX əsrin məhz bu tarixi ənənəsi əsas yer tuturdu. Dil yalnız bir mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemi idi. O, dilin taleyinə millətin və dövlətin taleyi kimi baxır, böyük inamla belə qənaətə gəlirdi ki, “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.
Ulu öndər təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir, dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərdə böyük dövlət xadimi və mütəfəkkirin mənəvi mədəniyyətə — ədəbiyyata, incəsənətə münasibəti ifadə olunub. Heydər Əliyev çox gözəl bilirdi ki, Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyata bağlı olub onun bətnindən boy atmışdır. Ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən o, Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. Əvvəla, budur ki, Azərbaycanda hakimiyyətin ilk günlərindən (1969), hələ bundan əvvəl DTK-nın rəhbəri olarkən Heydər Əliyev ədəbiyyatı, mədəniyyəti, hər şeyi dövlətçiliyə tabe etməyə nail oldu. Başqa sözlə desək, Azərbaycanın tarixi taleyi ilə bağlı bütün fikirlərə dövlətçilik mənafelərindən nəzər salmağa başladı. Dövlət rəhbərləri arasında ilk dəfə məhz ümummilli lider ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Yazıçının tarixi qiymətini verməyin dövlət mexanizmini hazırladı və şəxsi təcrübədə əyaniləşdirdi.
Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində — daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsbiq edir.
Mubarizciler.az
Xəbəri paylaş