Rəfael Əliyev: 31 mart soyqırımına hüquqi siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu 0
31 mart soyqırımına hüquqi siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu
Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük Ermənistan” yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktları ilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər.
1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Təkcə mart-aprel ayında baş verən bu qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.
Azərbaycanın çoxəsrlik tarixinə şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları ilə dolu qanlı səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Belə ki, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı törədilib. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
31 mart soyqırımı ermənilərin xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub.
Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanında da qeyd edilmişdir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarix faktlara əsaslanır, heç zaman saxtakarlığı sevmir. Ermənilər tarixi saxtalaşdırıb özlərinə saxta tarix yazmaqla bu yalanlarını həqiqət kimi qəbul etdirəcəklərini düşünsələr də 44 günlük İkinci Qarabağ müharibəsi onların illərdir yaratdıqları bütün mifləri dağıtdı. Ermənilərin əsl siması dünyaya bəlli olmaqla yanaşı, əksər güclər ədalət və beynəlxalq hüququn mövcudluğunu qəbul etmək məcburiyyətində qaldılar.
Reallıq budur ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Azərbaycan xalqı tarixinə sahib çıxan, keçmişini unutmayan, bu günü ilə qürur duyub gələcəyə inamla addımlayan xalq kimi tanınıb və tanınır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır. Təbii ki, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Azərbaycan bu gün də şanlı Zəfərinin reallıqları fonunda tarixi faktlara, real həqiqətlərə əsaslanan siyasətini uğurla davam etdirir.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı.
Rəfael Əliyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş