Azərbaycan enerji təhlükəsizliyi baxımından Birləşmiş Ərəb Əmirlikləri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır
Azərbaycan enerji təhlükəsizliyi baxımından Birləşmiş Ərəb Əmirlikləri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır.
Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atır və burada BƏƏ ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu gün Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir. İki ölkənin dövlət qurumları arasında 30-a yaxın sənəd imzalanıb. Beynəlxalq platformalarda da hər iki dövlət bir-birinə hər zaman yüksək dəstək nümayiş etdirib. Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Möhtərəm Prezident cənab İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev tədbirdə çıxış edərək qeyd edib: "Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik".
2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Azərbaycan Respublikasının dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır. Ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğu zamandan bəri Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat (KMH) təqdim etmiş dünyada ilk 10 ölkədən biri, regionda isə ilk ölkədir.
Azərbaycan enerji təhlükəsizliyi baxımından Birləşmiş Ərəb Əmirlikləri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib. Ona görə də, Azərbaycan öz enerji tələbatını təmin etməklə yanaşı neft, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.
Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş