Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Tənhalıqdakı hüzur - Hicran Əhməd yazır

Tarix: 25-01-2023 20:25     Baxış: 1 417

Tənhalıqdakı hüzur - Hicran Əhməd yazır.

Mubarizciler.az xəbər portalı redaksiyaya daxil olan materialı olduğu kimi təqdim edir.



70-80-ci illər Azərbaycan şeirinin qəribə bir mənzərəsi var. Birdən-birə parlayıb sönənlər, sönüb yenidən parlayanlar...


Bir də ədəbiyyata gəlişi ilə ilk gündən özünü təsdiqləyib, bu günə qədər yoluna davam edənlər. 


Azərbaycan şeirinin üçüncü qanadına mənsub olan fərqli bir imza da var - Rüstəm Behrudi. 


O, heç bir ədəbi zümrəyə qoşulmadan təkbaşına yaradıcılıqla  məşğul olan şaman dualarından başlayıb, dar ağacına salam verən, ölümə xoş gəldin deyən, məzarlıqda da bitən yovşanların ətrinə şərqilər oxuyan bir ədəbiyyat adamıdır. 


Onu fərqli qılan dar ağacı ilə məzarlıqda bitən yovşanlara eyni sevgi ilə oxuduğu nəğmələrdir.


İnsan qəribə məxluqdur, həmişə haqq-ədalət axtarır, amma haqq dünyası adlandırılan o biri dünyaya əzizlərini göz yaşı ilə yola salır. İnsanı haqq dünyasına ölüm aparır. Bəs niyə insan ölümü göz yaşı ilə qarşılayır? 


Rüstəm Behrudi bir şair olaraq yeganə insandır ki, ölümə xoş gəldin deyir. 


Yaradılışdan dar ağacı olub. Bəs dar ağacı hansı məqsəd üçün yaradılıb? İnsan dara çəkiləndə fizioloji baxımdan dara çəkilir və ruhu yenə haqq dünyasına qovuşur, yenə ölümə aparan vasitə - dar ağacı... Rüstəm Behrudi ölümə, yəni dar ağacına salam verir. Çünki şair bu dünyanın insanı deyil. Haqdan gələn, haqq dünyasının şairidir. İnsanları haqqa qovuşduran hansı vasitə olursa olsun, göz yaşı ilə qarşılanır. Şair isə ölümə  salam verib xoş gəldin deyir.


Ruhu qəribdir, kimsəsizdir şairin, çünki haqq dünyasının didərginidir ruhu, onun tabutunu mələklər daşıyır, allahlar yasını saxlayır, sözü haqq sözüdür.


Mən qərib kimsəsiz, didərgin ruham,

Göylərdə bilinməz qəbrim var mənim,

Ölsəm tabutumu mələklər tutar,

Yasımı allahlar saxlayar mənim.


Bu haqsız dünyada çoxları haqqı görmür, Rüstəm Behrudi isə haqq dünyasının adamı olduğu üçün kimsələrin görmədiyini görür və sözə çevirir.

Şair haqqı dərk edənlər üçün dünya içində dünya açır. Yaradır yox, yaratmaq Allaha məxsusdur. Rüstəm Behrudi mövcud olan, lakin başqalarının duymadığı, görmədiyi görməzləri insanların dərk edib anlamaları üçün yeni bir dünyaya pəncərə açır. Lakin o dünyanın yolçuları azdır, o yolları özünü "ağıllı" bilənlər deyil, "dəlilər" gedir.


Yol gedirəm mən dəli,

Bu yol dəli, mən dəli,

Bu nə yoldur əvvəli

Və sonrası içimdə.


Şair deyir ki, insanın getdiyi yolun əvvəli də, sonu da insanın içindədir. Bəli, bu yolu başlayan da, bitirən də insandır. Hər şey insanın içindədir. Bütün keçdiyi həyat yolu, başqa sözlə ifadə etsək, insanın getdiyi bütün yollar onun içindən keçir.


Bu fani dünyanın insanlarından fərqli olaraq Rüstəm Behrudi savab və günahın Tanrı ölçüsü olduğunu bilir. Bu ölçü haqq dünyasının, ruh dünyasının ölçüsüdür. Onu yalnız Tanrı bilir. Ona görə də şair deyir: "Sən insansan, nə bilirsən, Tanrı bilir - günah nədir".


Rüstəm Behrudi Yaradanın sevib seçdiyi, bəndəlikdən çıxarıb, başqa tale yazdığı adamlardandır. Məhz Tanrıdan sonra yer üzündə cavabdeh olan adamlar şairlərdir. Rüstəm Behrudi bu cavabdehliyini anlayaraq Tanrının sirrini açmağa can atır. Eyni zamanda, şair canatmaları iblis istəyi hesab edir, - "canatmalar iblis istəyi olduğu üçün hər kəsin içində iblis yatır". Şairin sözləri insanı düşünməyə vadar edir. Bəlkə insan ölərkən insanların içində göz yaşı tökən, məhz o iblisdir ki, insanların haqq dünyasına qovuşmasını istəmir və bu səbəbdən insanlar ölümü göz yaşı ilə qarşılayıb, göz yaşı ilə yola salırlar. Digər tərəfdən ola bilən hər şeyə sevinmək və qəbul etmək, sənin olan şeylərlə kifayətlənmək, axı onları Allah göndərir.

Şairin hər bir fikri haqdan gələn bir səsdir. "Tənhalığına çəkilən günah işləyə bilməz".




Nə demək istəyir şair? Əslində, demək istədiyini deyib. Onun tənhalığı ruhu qarşısında tövbəsidir. Şair sözləri ilə "tövbə"nin açmasını verir insanlara. Onların bəsirət gözünü açmağa çalışır. Əslində, şairin heç kəslə işi yoxdur. O, dərk etdiyi dünyanı sözlərinin tənhalığında öz söz dünyasında yaşadır. Kim dünyanı dərk etmək istəyirsə, Behrudinin söz dünyasının tənhalıq sarayının qapısını döymədən içəri daxil ola bilər. Çünki o, qonaq çağırmır. Dünyanı dərketmə onun dərkindən, tənhalıq sarayından keçir. Təklik və tənhalıq özünü Behrudi dünyasında tapdı, şair də onlarda öz rahatlığını. Tanrı da təkdir, günahsızdır. Tənhalığına, öz içinə çəkilən, özü özü ilə danışan, özünü mühakimə edən, yaxşının və pisin nə olduğunu anlayan, cismi fani, ruhu isə haqq dünyasını gəzən insandır. Ruhun tənhalığı cismin tənhalığı deyil, öz içindən keçən və dünyanı içindən keçirən adamlar tənhadır. Rüstəm Behrudi tənhadır və tənhalıq dünyasının sirlərini açır bizə. O, tənhalığa can atmadı, tənhalıq özü gəlib onun ruhunu tapdı. 


"Dəlilər və ağıllılar"... Bu yazını oxuyan oxucu, sən nə vaxtsa özünü dəli hesab etmisənmi? Kim özünü dəli hesab edər? Hər kəs özünü ağıllı bilir. Amma şair bizə anladır ki, dünyada baş verənlərə heyrətlənməkdənsə, nəyinsə divanəsi, dəlisi olmaq daha gözəldir.


Şair üçün bu dünyada gizli olan bir şey yoxdur. Tanrıdan sonra hər şey ona məlumdur, şair yer üzünü günah və yalan içində görür. Həqiqətdə yalan, yalanda isə həqiqətin olduğu şairi incidir. Nəyin günah olduğunu yaradandan başqa kimsə bilmir.


Durub durub günah dedim,

Günah da bir bəhanədir,

Biz bəndəyik, nə bilirik,

Tanrı bilir - günah nədir.


Təklik, tənhalıq, ölüm və sevgi... Şair tövbələrdən bezib artıq. Ölüb ölümə getmək, ölümdə nələrin gizləndiyini bilmək və görmək istəyir. Şair bu dünyanın ən gözəl hissi olan sevgidən ölmək istəyir. Sevib ölməkdən gözəl hiss yoxdur dünyada deyir. Sevgi bu dünyanın, ölümə qovuşmaq isə o dünyanın nişanəsi...


"Kimdir Rüstəm Behrudi?" bu sualı onun özünəmi, Tanrıyamı verək?" Yaşadığımız və ruh dünyamızın vəhdətidir Rüstəm Behrudi. Sevgini ölümə, ölümü isə sevgiyə bənzədən insandır Rüstəm Behrudi... şair dünyanı özü boyda sevgidə görür. Sevginin ölümü dünyanın ölümüdür. Allah da sevgidə yaşayır deyir, sevgi ölümə bənzəyirsə və Allah sevgidə yaşayırsa, deməli, ölümdə də Allah var. Şair də ölüb Allaha varmaq istəyir.


Hər kəsin önündə gedəcəyi bir yol var. İnsanın hardan gəldiyi və hara gedəcəyi bəlli olmadığından şair yer üzünü görüş yeri adlandırır. Bu görüş yerində Tanrının bizə verdiyi ömür isə Tanrıya onu tanımaq üçün bir möhlət olduğu fikrində bulunur şair. Şairin fikirləri bir həqiqətdir. Tanrı bəndələrini onlara özünü tanıtmaq, necə aciz və çarəsiz olduqlarını anlatmaq üçün yaratdı. Hətta şairin dili ilə desək, cəhənnəm də Allahın cəhənnəmidir. Tanrı şər işlərin şahı olan iblisi qiyaməti hazırlamaqda özünə yardımçı etdi. Deməli, Tanrı bilərəkdən bəndələrinin iblisə aldanmalarına şərait yaratdı. Bu şairin nə etirazı, nə də üsyanıdır. Əslində, şairin hər sözündə Tanrı var. Ondan başqa hər şeyi, insanı belə şair sözlərinə büküb söz tabutunda dəfn edir. Dəfn olunan ömür deyil. Bəndənin ömrü sonsuzluq və sonrasızlıq ölçüsündə olan dünəni, bu günü və sabahı bir an olan zaman ölçüsüdür. Şair məkan - zaman - biz üçbucağını açaraq təhlilini verir.


Zamanı açdım üzümə,

Gördüm, an taxtdan əyləşib.

Dünən, bu gün, sabahdı o,

Taxtında haqqdan əyləşib.


Rüstəm Behrudi həyatın gerçəkliyidir, çünki o, hər şeyi görüb özünün ağıl süzgəcindən keçirir. Bir tərəfdən belə nəticəyə gəlir ki, yer üzündə Allahın yazdığı qəza-qədərdən qaçıb sığınmağa bir yer yoxdursa, bəndələrin bir-birinə olan sevgisi azalıbsa və bu sevgi artıq yox dərəcəsindədirsə, Allah sevgisinə inamı yoxdur, şair bəndələrdə Allah sevgisi yox, Allah qorxusu olduğunu deyir. Bəndələrin özlərini Allah sevgisi adı ilə aldatmalarının riyakarlıqdan başqa bir şey olmadığını düşünür. Şair bu fikirlərinin bəlkə də günah olduğunun fərqindədir. Digər tərəfdən, Tanrıya xitab edir, ona olan sevgi və qorxu hislərini barışdırmağı xahiş edir. İnsanın həyatında getdiyi bütün yolların yaradana gedən yola bağlandığını misralarında əks etdirir.


Alçaldıb dizi-dizi

Sürüyür şeytan bizi.

Nə yaxşı ki, göy üzü, 

Nə yaxşı ki, Allah var.


Şair onu da bildirir ki, Allah qorxuda deyil, sevgidə yaşayır. 


Hərəkətdə olan, dəyişən insandır, o, hərəkətsiz zamanın içindən keçib gedir. İnsan zamanı illərə, aylara, günlərə saatlara bölür. Biz isə özümüzün dəyişməyimizə fikir vermədən zamanın hərəkətdə olduğunu düşünür və günahlarımızı da zamanın üstünə yıxırıq. Şair məkan və zaman anlayışlarının mahiyyətini tam doğruluğu ilə açır. Əgər zaman hərəkətdədirsə, yəni irəliyə və geriyə yolu varsa, nədən insan bu yolu gedə bilmir? Deməli, şair zamanı insanların üzünə açır və nəyin nə olduğunu bildirir.     


Rüstəm Behrudi həm cismən, həm də ruhən azad insandır. Ruhu azad olan insanları heç nəyə tabe etmək olmaz. Behrudi nə ruhunu, nə də cismini heç nəyə və heç kimə təslim etmədi. Onun ruhunda yalnız Göy Tanrı var. Yer üzünün insanlarının da, iblisin də, ölümün də iç üzünü bilir şair. İnsan tanıdıqlarından heç vaxt qorxmur. Ona görə də onlardan qorxacağı yox.  


İllərlə ruhunu didib parçalayan ağrılar bioloji bədənə də nüfuz etdi, 10-dan artıq əməliyyat... Amma bütün ağrıları, acıları yendi şair. Ölümü yendiyi kimi, ölümə hakim olan şair... Tanrının hökmündən savayı hər şeyi yenən və ölümsüzlük qazanan şair....    


Behrudi ölümsüzlüyü sözün, şeirin, Azərbaycan ədəbiyyatının ölümsüzlüyüdür.


Kitablarının birində şair yazır: "Mənim dünyagörüşümün, yaşantılarımın oxucu üçün nə dərəcədə maraqlı olacağı mənim üçün bir o qədər də maraqlı deyil, çünki bunları mən yaşamışam, mən bu cür yaşadım. Yaşadımmı görəsən?" Bax bunu oxucu deyəcək. Gəncliyimdən sizi oxuyan oxucu kimi deyə bilərəm ki, bəli, Siz yaşadınız. Behrudi düşüncəsi, təfəkkürü ilə özünə məxsus tərzdə milyonlara dünyanı, ətrafı, görünməzləri, ruh dünyasını, sözün qüdrətini anladaraq yaşadınız. Sizin hər şeiriniz bir dünyadır. 


"Bu şəhərdə qalmaq üçün salam verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdur" deyən şair, yer üzündə vidalaşmağa bir kimsə tapanadək bu dünyada qalın, sizin yığışıb getmək vaxtınız deyil. Tanrı sizi qorusun!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar