Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

25 yanvar Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Tarix: 25-01-2023 07:59     Baxış: 1 142

25 yanvar Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü ildə (bəzi mənbələrə görə 1838-ci ildə) Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev Tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı Tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.


İşləri

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.


Neft sənayesi və nəqliyyat

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır.


1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.


"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar.


Toxuculuq sənayesi

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.


Balıqçılıq sənayesi

İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızı ilə evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlmək üçün ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.


1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.


Hacı Zeynalabdin Tağıyev balıqçılığın zəiflədiyini görüb, qızıl üzüyünü balığın ağızına atıb balığı dənizə buraxmışdır. Və bunu eşidən balıqçılar həmin balığı tutmaq arzusu ilə dənizə tökülüşmüşdülər.


Mülkiyyəti

O, üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu sarayın hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyantinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır. Hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri sayılır. Layihənin müəllifi Yuzef Qoslavski əsasən Avropa order memarlıq üslübundan istifadə edib, fərdi kompozisiya yaradıb. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı.


Qız məktəbinin açılmasına mane olanlarla mübarizə

Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. “Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğənbər, xəlifə, imamlardan hadisələr və sübutlar gətirərək bu işi küfr adlandırıb. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Tapançalı-xəncərli qoçular isə təhdidə keçirdilər”


Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görədə o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar.


İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar