Xaçmaz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə pedaqoji kollektivlə görüş keçirilib Foto
Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Rayonun 5 saylı tam orta məktəbində baş tutan görüşdə RPŞ-nin əməkdaşları, regional təhsil idarəsinin əməkdaşları və pedaqoji kollektiv iştirak edib. Tədbirdə yeniyetmələrlə iş, şagirdlərin davranış qaydalarına riayət etməsi, dərs prosesindən üzrsüz səbəblərlə yayınması, eləcə də valideynlərin övladlarını təhsildən yayındırması hallarının qarşısının alınması və bu sahədə ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan edilmiş digər əşyaların gətirilməsi, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi və bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də pedaqoji kollektivi narahat edən digər məsələlər müzakirə edilib. Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Samir Məcidov çıxışında məktəblərin yerləşdiyi inzibati ərazilərdə təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq, təhsil müəssisələrində şübhəli halların müşahidə edildiyi təqdirdə polis orqanlarına dərhal məlumat verilməsinin vacibliyini qeyd edib. Tədbirdə erkən nikah hallarının qarşısının alınması, eləcə də şagirdlərin internet resurslarından, xüsusilə sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə də ətraflı məlumat verilib. Görüşün sonunda səsləndirilən mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş



