Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı sistemi yenidən qurulub Fotolar
Naftalan şəhərinin Qasımbəyli kəndində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə su təchizatı sistemi yenidən qurulub. Layihənin icrası nəticəsində kənd əhalisi tam şəkildə mərkəzləşdirilmiş içməli su ilə təmin edilib.
Mubarizciler.az xəbər verir ki, Qasımbəyli kəndində açılış mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Regional Su-Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Su-Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Xaqani Vəliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, idarə əməkdaşları və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı qeyd olunub ki, layihə çərçivəsində Qasımbəyli kəndinin mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sistemindən istifadə olunmaqla kənddaxili şəbəkə inşa edilib. Bunun üçün diametri 40–100 millimetr olan borularla ümumilikdə 8,7 kilometr uzunluğunda su xətti çəkilib və 140 abonent evə qoşulub. Eyni zamanda, sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz olunub. Tədbir iştirakçıları, o cümlədən kənd sakinləri, su təminatında illərdir mövcud olan çətinliklərin aradan qaldırılmasına görə ölkə rəhbəri cənab İlham Əliyevə və aidiyyəti qurumlara minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Naftalan şəhərinin ümumi su təchizatı Qaraçay çayı üzərində inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə vasitəsilə həyata keçirilir. Şəhər ərazisində 3 meydançada yerləşən su anbarı kompleksi, 2 nasos stansiyası, 43,6 kilometr uzunluğunda su şəbəkəsi, 39,4 kilometr kanalizasiya şəbəkəsi və sutkada 3000 kubmetr məhsuldarlığa malik tullantı sutəmizləyici qurğular kompleksi istismar olunur.
Xəbəri paylaş



