İcra başçısı və Deputat Şəhid ailəsini ziyarət edib Foto
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid İntiqam Ağayevin ailəsi ziyarət edilib.
Mubarizciler.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər rayonunun Səhlabad kəndində Vətən Müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar. Ağayev İntiqam Hüseyn oğlu 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Ağayev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid anası Gülnarə Salahova şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş



