Tərtərdə “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda elmi-praktik konfrans keçirilib Fotolar
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda elmi-praktik konfrans keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Mərkəzin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotosərgi iştirakçılara təqdim olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda şəhid olmuş qəhramnların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ulu Öndərin zəngin və şərəfli ömür yolunu, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, 1993-cü ilin iyununda ölkənin düşdüyü ağır vəziyyət, vətəndaş qarşıdurması və dövlətçiliyin süqutu təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qaydışı müasir tariximizin qürur səhfəsidir. Bildirilib ki, Ulu Öndərin qaydışı ilə ölkəmizdə dövlətçiliyin əsasları möhkəmləndirilib, siyasi sabitlik təmin olunub, iqtisadi və sosial inkişafın bünövrəsi qoyulub. Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Vurğulayıb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və məqsədyönlü siyasət sayəsində Azərbaycan bugünki inkişaf səviyyəsinə çatıb, ərazi bütövlüyünü bərpa edərək suveren dövlət kimi tarixə imza atıb.
Daha sonra çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov və Sarıcalı kənd tam orta məktəbinin müəllimi Esmira Qəhrəmanova çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən, Ulu Öndərin xilaskarlıq missiyasından, onun siyasi irsindən və bu irsin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxsə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının fəxri fərmanları, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvülük vəsiqələri və qiymətli hədiyyələr təqdim edilib.
Sonda tədbir iştirakçıları Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramına tamaşa ediblər.
Xəbəri paylaş



