Xəbər lenti
18-11-2024, 12:06
 

Mahiyəddin Mazanov: Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu 0

Tarix: 22-02-2023 23:38     Baxış: 1 082


Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu

Münhen Təhlükəsizlik Konfransının sayca 59-cu olan builki görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına dəvət alması, enerji təhlükəsizliyi və Cənubi Qafqazda təhlükəsizlik mövzusuna həsr olunmuş tədbirlərdə məzmunlu çıxışı, ikitərəfli görüşlər keçirməsi Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti diplomatik uğurlarının davamlılığında öz sözünü deyir.Münxen Təhlükəsizlik Konfransında Cənab Prezident İlham Əliyev yenə də öz sözünü dedi. Özlərinə saxta tarix yazmaqla illərdir yalanlarını beynəlxalq ictimaiyyətə həqiqət kimi sırımağa çalışan Ermənistanın havadarlarının dəstəyi ilə 30 illik işğal dövründə qurduqları planlar, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmaları ilə bağlı görüntü yaradıb reallıqda məsələni dondurulmuş kimi təqdim etmələri dövlət başçısı İlham Əliyev tərəfindən ən yüksək tribunalardan beynəlxalq ictimaiyyətə çatdırılıb və bu gün də çatdırılır. Baxmayaraq ki, artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq, Qarabağ münaqişəsi tarixə qovuşub, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur, yenə də informasiya cəbhəsində üstünlüyümüzü möhkəmləndirmək üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatmızı uğurla davam etdiririk.

Cənab Prezident İlham Əliyev 30 illik işğal dövründə Azərbaycanın yaşadığı faciələrdən, bu torpaqlarımızda törədilən vəhşiliklərdən geniş bəhs edərək Azərbaycanın bunların fonunda Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etməsini regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla münasibətlərin normallaşdırılmasına, ədavət dövrünün arxada qalmasına xidmət edən addım kimi diqqətə çatdırdı.

Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın isə 30 illik işğal dövründə olduğu kimi hazırda da bu danışıqlardan müxtəlif bəhanələrlə yayınması, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olması diqqətdən kənarda qalmır. Ermənistanın baş naziri Nikol Paşinyan plenar iclasdakı sərsəm bəyanatları, qeyri-ciddi fikirləri ilə bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğunu inkar etməyə cəhd göstərən Ermənistan rəsmisinin ölkəsini ədalətin, beynəlxalq hüququn yanında təqdim etməsi bu dövlətin nə qədər hiyləgər siyasət yeritdiyini nümayiş etdirdi. 

Dağlıq Qarabağ sözünün artıq qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid olmadığını bildirən cənab İlham Əliyev konfrans iştirakçılarına diplomatik tonla Azər¬-baycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməli olduğunu da xatırlatdı.

Münhen Təhlükəsizlik Konfransı dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyəti ilə yadda qaldı. Ermənistan rəsmisinin yenə də çıxışını yalan, qeyri-cidi fikirlər üzərində qurması konfrans iştirakçıları üçün sadəcə vaxt itkisi oldu. Prezident İlham Əliyev həm işğal, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında beynəlxalq auditoriyaya çatdırdı. Onu da xüsusi qeyd etməliyik ki, builki tədbirin iştirakçılarının say tərkibi geniş idi. Müzakirəyə çıxarılan məsələlərin, ən əsası plenar iclasın mövzusunun olduqca böyük maraq kəsb etməsi tədbirin gedişindən özünü qabarıq şəkildə büruzə verdi. 

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu. Azərbaycan Prezidenti Qafqazda sabitliyin yaranması üçün dövlətimizin bütün imkanlarını səfərbər etdiyini ortaya qoydu. Beləliklə, bu konfransda ölkə rəhbəri Azərbaycan Respublikasının tək iqtisadi baxımdan deyil, həm də siyasi cəhətdən beynəlxalq arenada ciddi söz sahibi olduğunu təsdiqlədi.Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən bu ilki görüş bir daha Azərbaycanın növbəti qələbəsi ilə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, Böyük Sülh Sazişinin imzalanması ilə nəticələnəcək.


Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar