Əli İbrahimov: İnsan insan olduğunu öz düşüncə və hərəkətləri ilə sübut etməlidir 0
İnsan insan olduğunu öz düşüncə və hərəkətləri ilə sübut etməlidir.
Bir şəxs ki, öz adına ləkə gətirə biləcək işlər görür, nə həmin şəxsə, nə də onun tərbiyə etdiyi kəslərə etibar etmək olmaz. Çünki öz təmiz adının ləkələnə biləcəyindən ehtiyat etməyən kəs başqasının ona etdiyi etibardan da yeri gələndəi stifadə edər və etibar edən şəxsin özünü də pis vəziyyətdə qoyar. Etibar da, hörmət də, vəzifə də, birinci növbədə, ən təmiz adamlara etibar edilməlidir. İnsanda birinci növbədə qürur hissi olmalıdır. O öz mənliyini daimi uca tutmalıdır. Bir halda ki, dünyaya gəlmişik, həyatda yaşamaq bizə nəsib olmuşdur, onda həyata da açıq gözlə baxmaq lazımdır. İnsan niyə yaşadığını, hansı məqsədlərə xidmət etdiyini bilməlidir. Əks təqdirdə, onun vəziyyəti aşağıda qeyd etdiyim təmsildəki kimi olar:
-Qoyuna nə dedilər hamısına inandı,
Çoxu onun haqqında söylədi söz qanandı.
Dedilər: – Burda gəzmə, göy ot azdı gəzmədi,
Bu su dayazdı üzmə sözə baxdı üzmədi.
Onun bunun əqliylə hərəkət etdi qoyun,
Elə buna görə də başına gəldi oyun.
İstəməyən bir kəsin sözüylə qalxdı dağa,
Çoban gəlib çatınca onu yedi qurd ağa.
Xəbəri paylaş