Daşkəsəndə “Zəkaların mübarizəsi” olimpiadasının rayon üzrə seçim mərhələsi yekunlaşıb FOTOLAR
Aprelin 10-da Daşkəsən rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Zəkaların mübarizəsi" bilik yarışının rayon mərhələsi reallaşıb.
Mubarizciler.az xəbər verir ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının məqsədi müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir. Müsabiqə regional və respublika mərhələsi olmaqla iki hissədən – bilik və şahmat üzrə yarışdan ibarətdir.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömtərli tam orta ümumtəhsil məktəbində keçirilən bilik yarışının açılışında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak edib. Yarış iştirakçılarını təbrik edən rayon rəhbəri çıxışında diqqətə çatdırıb ki, intellektual tədbirlər gənclərin təhsilinə, ümumi inkişafına və müstəqil düşünmələrinə müsbət təsir göstərir. “Ədə edəcəyiniz nailiyyətlər yalnız biliklərinizin göstəricisi deyil, həm də sizin əzmkarlığınızın və komanda işinin bir nümunəsidir”, – deyə icra başçısı vurğulayıb.
Yarışda rayon üzrə 37 ümumi təhsil müəssisəsindən 20 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrinə aid sualları cavablandırıblar. Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Nəsimi” komandası birinci yerə layiq görülüb və regional mərhələdə iştirak hüququ əldə edib.
Növbəti həftələrdə olimpiadanın regional mərhələsi təşkil olunacaq.
Xəbəri paylaş



