Fuad Əliyev: Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür
Aprel döyüşləri, Aprel müharibəsi» və ya Dördgünlük müharibə adlandırdığımız və 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi qeydə alındı və dördgünlük müharibə olaraq şanlı qələbə tariximizə yazıldı və Azərbaycan Ordusunun birmənalı qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifinin alt-üst edilməsinin ilk addımı atıldı. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Yağı düşmənin əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Bu əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və ətrafındakı strateji ərazilər azad edildi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində - Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək iqtidarında olduğunu sübuta yetirdi. Dördgünlük müharibədən sonra xalqımızın öz igid oğullarına, Ordumuza etimadı daha da artdı, igid döyüşçülərimizin isə döyüş əzmi möhkəmləndi, qolunun gücünə, iradəsinə inamı gücləndi. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını da möhkəmləndirdi. Aprel şəhidləri xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut etdilər. Onların hamısını bir ad birləşdirir – Vətənin igid oğulları. Onların adları xalqımızın qəlbində daim yaşayır. Onların uyuduqları torpaq isə bizim müqəddəs and yerimizdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı demişdir: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi".
Prezident İlham Əliyev onu da vurğulamışdı ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq". Artıq verilən vədlər yerinə yetirilib – 2020-ci ilin sentyabr ayının 27-də düşmənə qarşı başladılan əks-hücum əməliyyatları 44 gün davam etdi və torpaqlarımızın yağı düşməndən azad olunması ilə nəticəsini tapdı. Cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı özünü Qarabağ cəbhəsində isbatladı. Məhz bu gün qələbədən ruhlanan Azərbaycan xalqı da qürurla xatırlayır ki, Qarabağ zəfərinin başlanğıc nöqtəsi Aprel müharibəsində qazanılan qələbənin nidalı sübutudur! Və həmişə Aprel döyüşləri kimi tarixə düşən dördgünlük döyüşlərdə həlak olan bütün hərbçilərimizi dərin hüznlə anırıq.
Allah rəhmət eləsin.
Fuad Əliyev
Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi.
Xəbəri paylaş



