Oljas Bektenov Zəfər parkını və Fəxri Xiyabanı ziyarət etdi - Fotolar - Yenilənib
Azərbaycanda səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib.
Mubarizciler.az ın məlumatına görə, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
***
Qazaxıstanın Baş naziri Oljas Bektenov Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


Xəbəri paylaş



