Anar Məmmədov Nağı İmanovu ziyarət edib - Fotolar
Milli Məclisin deputatı Anar Məmmədov ötən gün Bərdə şəhərində Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunu xəstəxanada ziyarət edib, Qarabağ müharibəsi iştirakçısının səhhəti ilə maraqlanıb.
Mubarizciler.az xəbər verir ki, Anar Məmmədov xəstəxanada müalicə olunan Nağı İmanovun vəziyyətini yaxından izləyərək, onun səhhətinin daimi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.
O, həmçinin xəstəxananın rəhbərliyi ilə müalicənin davam etdirilməsi və xəstənin rahatlığının təmin olunması üçün əlavə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Daha sonra millət vəkili xəstəxanada olan qazilərin sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb. Anar Məmmədov Azərbaycanın adını bütün dünyaya tanıdan bütün Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək onlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Millət vəkili ilə səmimi söhbət edən Nağı İmanovun ailə üzvləri ölkə Prezidentinə, Birinci vitse-prezidentə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini bildirərək bugünkü ziyarəti dövlətimizin onlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Nağı İmanova göstərilən tibbi xidmətə, qayğıya görə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.





Xəbəri paylaş



