Şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilib - Fotolar
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilib.
Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilmişdir. Mubarizciler.az xəbər verir ki, Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin Yevlax rayonundan seçilmiş deputatları Əli Hüseynli, İlham Məmmədov, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının,idarə, müəssisə və təşkilatlarının rəhbərləri,kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Şəhid Tərlan Məmmədov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş, Şəhidin ruhuna dualar oxunmuş, məzarının üzərinə əklil qoyulmuş, gül dəstələri düzülmüşdür. Şanlı üçrəngli Bayrağımız şəhidin anası Rəfiqə Bayramovaya təqdim edilmişdir. Şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il yanvar ayının 10-da itkin düşmüşdür.
Xəbəri paylaş



