Naif Ərəb Universitetinin nümayəndə heyəti Polis Akademiyası ilə tanış olub - Fotolar
23 yanvar 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığında yerləşən Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin prorektoru və nümayəndələri Daxili İşlər Nazirliyinin Polis Akademiyasına səfər ediblər. Mubarizciler.az xəbər verir ki, bu Polis Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Qonaqlar Akademiyanın yeni inşa edilmiş tədris korpusları, müasir standartlara uyğun auditoriyaları və tədris prosesinin təşkilində istifadə olunan innovativ modullarla tanış olublar.
Nümayəndələr Akademiya rəhbərliyi ilə görüşərək tədris resursları və elmi-tədqiqat işlərinin inkişaf perspektivləri, müasir tədris texnologiyalarının tətbiqi, habelə gənc kadrların hazırlanması, yenilənmiş maddi-texniki baza və təhsilalanlar üçün yaradılmış şərait ilə bağlı geniş müzakirələr aparıblar.
Görüş zamanı gələcəkdə beynəlxalq müstəvidə, hüquq-mühafizə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib, qarşılıqlı təcrübə, bilik mübadiləsinin əhəmiyyəti qeyd olunub, birgə elmi və praktiki layihələrin həyata keçirilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.
Sonda Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin nümayəndə heyətinə hədiyyələr təqdim edilib, tərəflər arasında qarşılıqlı hörmət və dostluq əlaqələrinin simvolu olaraq xatirə fotoşəkilləri çəkilib.
Xəbəri paylaş