Prezident qəbul keçirdi - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Mubarizciler.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirib.
Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd edib. Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğulayıb, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını deyib. O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirib.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd edib. Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Dövlət başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu deyib.
Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirdi. Dövlət başçısı bu təşkilatın Asiya regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırıb.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq, bu münasibətlə təbriklərini çatdırıb.
Dövlət başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, lazımı tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayıb, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə önəmli qərarların qəbuluna toxunub.
Xəbəri paylaş