Xəbər lenti

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib - Fotolar

Tarix: 14-01-2025 18:12     Baxış: 245

2024-cü il aprelin 15-də elan edilmiş 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların cari il yanvarın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda andiçmə mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk öncə Fəxri xiyabana gəlib müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil qoyub.

Daha sonra gənc mütəxəssislər Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib. 

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi xalqımızın Ulu öndəri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad edib. 

Həmçinin, mərasimin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər səlnaməsinin memarı, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilib, Ağdam, Cəbrayıl, Zəngilan və Şuşa rayonlarında ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışları olub. 

Ümumilikdə işğaldan azad olunmuş rayon və şəhərlərimizə böyük qayıdış uğurla davam edib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla, gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. 

Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən Dövlət Proqramları və digər çoxsaylı tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayıb, paytaxt və rayonlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə qabaqcıl infrastrukturun yaradılması gəncliyin uğurlu gələcəyinə hesablanıb. 

Əminliklə vurğulanıb ki, müstəqil dövlətimizdə vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclik formalaşıb. 

Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulub və möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub.

Qeyd olunub ki, Baş Prokurorluq tərəfindən növbəti dəfə 15 aprel 2024-cü il tarixdə elan edilmiş 26-cı müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56 gənc hüquqşünas qulluğa qəbul edilib.

Əlavə edilib  ki, qulluğa qəbul olmuş həmin gənclərdən 2-si Vətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər.

Qeyd edilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Ülviyyə Nuriyeva və Qabil Əlizadə çıxış edərək, gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz verib.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib. 

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar