Ümumdünya İnsultla Mübarizə Təşkilatının ekspertləri ölkəmizə səfər edəcək - Fotolar
Yeni Klinikada "İnsultun idarəedilməsi: diaqnostika, müalicə və reabilitasiyasında yeniliklər" adlı seminar keçirilib.
Seminarda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini Pərvin Əkbərli, qurumun Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov, o cümlədən nevroloq, fizioterapevt, təcili yardım xidmətinə aid mütəxəssislər və tibb işçiləri iştirak edib.
Mubarizciler.az xəbər verir ki, bu barədə TƏBİB-İN mətbuat xidməti məlumat yayıb.
İki yüzdən çox mütəxəssisin qatıldığı tədbirdə insultun idarəedilməsinin vacibliyi, bununla bağlı profilaktik tədbirlərin keçirilməsi, eləcə də tibb heyətinin maarifləndirilməsi istiqamətində zəruri məsələlərə toxunulub, gələcək perspektivlərdən danışılıb. Seminarda həmçinin uzman nevroloqlar Xəyalə Ağamirzəyeva, Günel Qardaşova və Minarə Çərkəzzadə tərəfindən “İşemik insultun diaqnostika və müalicəsi üzrə” (2024) və “İşemik insultun tibbi reabilitasiyası üzrə” (2024) klinik protokolları, “Kəskin işemik insult xəstələrinin idarə olunması təlimatı”, Səhiyyə Nazirliyinin “İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokolu”nda yeniliklər barədə nevroloq Könül Əhmədova, TƏBİB tərəfindən hazırlanmış “İnsult xəstələrinə yanaşma təlimatı” barədə nevroloq Münəvvər Muxtarova, Səhiyyə Nazirliyinin “İşemik insultun tibbi reabilitasiyası üzrə klinik protokolu: əsas aspektlər” barədə uzman fizioterapevt-reabilitoloq Nəzrin Əsədli, Ramil Əhmədov, fizioterapevt-reabilitoloq Səbinə Tağıyeva tərəfindən məlumatlar verilib.
Tədbirdə bildirilib ki, qarşıdakı günlərdə Ümumdünya İnsultla Mübarizə Təşkilatının ekspertləri ölkəmizə səfər edəcək və insultla mübarizə xidmətinin vəziyyəti ilə tanış olacaqlar.
Qeyd edək ki, ölkəmizdə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə ilkin mərhələdə Yeni Klinika ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur.
Xəbəri paylaş