Fuad Zamanov: Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır 0
Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır
Qardaş Türkiyənin 10 vilayətini əhatə edən zəlzələ nəticəsində baş verən faciə Azərbaycanı da yasa boğub. Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır.
Bu ağır günlərdə Türkiyənin dərdinə şərik olan, zərərçəkənlərin imdadına ilk yetişən Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkəyə hərtərəfli yardım göstərir.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Qardaş Türkiyə Azərbaycan xalqının ürəkdən gələn ağrısını, dəstək üçün çabalarını yüksək qiymətləndirir. Bir-birinin ardınca yola düşən təyyarələr, TIR-lar, yük maşınları dayanmadan qardaş xalqın köməyinə tələsir. FHN-in şəxsi heyəti zəlzələ rayonunda durmadan çalışır. Bu bizim qardaşlığımızın bariz nümunəsidir, “Bir millət, iki dövlət” deyiminin reallıqda təcəssümüdür. Bu qardaşlıq və birlik sayəsində zəlzələnin nəticələri aradan qaldırılacaq və yaralarımız sarınacaqdır.
Fuad Zamanov,
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş