Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edib - FOTO/VİDEO
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazir əvvəlcə İsmayıllı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra İsmayıllı Rayon Polis Şöbəsində İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarından qəbula gələn 294 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 23 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 196 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Xəbəri paylaş