Gəncədə 2024-cü ilin yekunlarına dair tədbir keçirilib - Fotolar
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2024-cü ilin təhsil yekunlarına dair tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, "Kapital Bank"ın Gəncə filialının müdiri Vüqar Paşayev və digər rəsmilər, həmçinin təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, təhsilin inkişafının daim diqqətdə saxlanıldığını, şəhərimizdə olan bir çox məktəbin müasir tələblər səviyyəsində yenidən qurulduğunu bildirib. O qeyd edib ki, görülən bütün bu işlər şagirdlərin yaxşı təhsil almaları, savadlı insan olaraq yetişmələri üçündür və bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Daha sonra M.Füzuli adına 22 nömrəli tam orta məktəbin şagirdlərinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin çıxışları izlənilib.
Tədbirin davamında təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə tətif edilmiş təhsil işçilərinə təltifləri təqdim edilib.
Bununla yanaşı 2024-cü ildə səmərəli iş fəaliyyəti ilə fərqlənən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin bir qrup əməkdaşı, Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində, Respublika Fənn Olimpiadalarında və Fənn Müsabiqələrində, Lütfi-Zadə adına riyaziyyat-məntiq olimpiadasında, “STEAM Azərbaycan” festivalında müxtəlif yerlərə layiq görülən şagirdlərin qazandıqları uğurlarda böyük zəhmət və əziyyəti olan müəllimlər, 4-cü sinif monitorinqlərində hər bir şəhər və rayon üzrə şagirdləri ən yüksək nəticə göstərən ibtidai sinif müəllimləri, ölkəmizi beynəlxalq yarışlarda təmsil edən və müxtəlif idman növləri üzrə qalib olan şagirdlərin məşqçi-müəllimləri təltif ediliblər.
Tədbirin yekununda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək, 2024-cü ildə təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O, təltif olunan müəllimləri və digər təhsil işçilərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbəri paylaş