Polis Akademiyasının növbəti “Açıq qapı” tədbirinin qonağı Akademik Zərifə Əliyeva adına lisey olub - Fotolar
18 dekabr 2024-cü il tarixində DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı Akademik Zərifə Əliyeva adına liseyin 9-11-ci siniflərində təhsil alan şagirdləri olublar. Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.
Mubarizciler.az xəbər verir ki, bu barədə Polis Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Məktəblilər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar.
Eyni zamanda liseyin məzunları olmuş, hal-hazırda Polis Akademiyasında 2 və 3-cü kursda təhsil alan 2 kursant liseydə onlara dərs deyən müəllim və liseyin şagirdləri ilə görüşərək Akademiyanın imkanları və əldə etdikləri bilik və bacarıqları barədə öz təəssüratlarını bölüşüblər. Şagirdlərə Polis Akademiyası haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.
Xəbəri paylaş