Goranboyda əkin sahələrinin suvarılması təminatının yaxşılaşdırılması işləri davam etdirilir - Fotolar
Ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son illərin ən böyük layihələrindən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə seçilən Şəmkirçay su anbarının və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının tikintisi ilə minlərlə hektar torpaq sahəsinin suvarılmasına, kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına şərait yaranıb. Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihə olaraq bu baxımdan mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə təməli qoyulan Şəmkir su anbarı 2014-cü ildə istifadəyə verilib. Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının birinci növbəsinin davamı olaraq, uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilir. Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb və Prezident İlham Əliyev Goranboy və Samux rayonlarının, 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Magistral kanalın istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaranıb.
Mubarizciler.az xəbər verir ki, hazırda Goranboy rayonu ərazisində şaxələndirici kanallarının çəkilməsi işləri həyata keçirilir. Goranboyda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, rayonun Goranlı, Qazançı, Qarapirimli, Gülməmmədli və Qırıxlı kəndlərinin əkin sahələrinin suvarılma suyu ilə təminatında mühim əhəmiyyətə malik Şəmkir-Samux-Goranboy magistral suvarma kanalından şaxələndirici kanallarının çəkilməsi işləri ilə yerində tanış oldu. İcra Başçısı suvarma suyunun davamlı təminatı, su itgisinin qarşısının alınması, sudan səmərəli istifadə və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti məsul şəxslərlə məsləhətləşmələr apardı, müvafiq tapşırıq və tövsiyələrini bildirdi.
Xəbəri paylaş