Vüqar Qurbanov Qlobal Fondun layihə rəhbəri ilə görüşüb - Fotolar
TƏBİB-də Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyeva ilə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə vərəmə dair fəaliyyətlərin maliyyələşdirmə imkanları, proqram üzrə xərclərin optimallaşdırılması, gələcək əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsi kimi məsələlər əsas müzakirə mövzusu olub.
Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanın Qlobal Fondla əməkdaşlığa hər zaman önəm verdiyini, 2005-ci ildən etibarən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə fəaliyyətlərin dəstəklənməsində yaxından iştirak etdiyini qeyd edib.
V.Qurbanov bildirib ki, son zamanlar TƏBİB-lə Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşlər birgə layihələrinin rentabelliliyinə dəstək verir.
“TƏBİB tabeliyində Bakı və Sumqayıt şəhərində yerləşən 5 vərəm əleyhinə xəstəxana, 15 vərəm şöbəsi stasionar yardım xidməti göstərir. Vərəm əleyhinə xidmətdə modul tipli Saray Vərəm Əleyhinə Xəstəxananın yaradılması ilə xidmət keyfiyyəti daha da artırılıb. Hazırda ölkə üzrə ambulator xidmət 6 vərəm əleyhinə dispanserdə və 36 vərəm kabinetində təşkil edilir. Ağciyər Xəstəlikləri Mərkəzinin yaradılması ilə 8 regional mərkəz fəaliyyət göstərəcək. Regional mərkəzlərin strukturunda diaqnostika, ambulator və stasionar şöbələr təşkil ediləcək. 8 regional mərkəzdə eyni struktur vahidi təşkil olunmaqla xidmətin təşkili proporsional bölünəcək”.
TƏBİB-in İcraçı direktoru, həmçinin qeyd edib ki, Qlobal Fondla perspektiv əməkdaşlıq çərçivəsində vərəmin diaqnostikasının təkmilləşdirilməsi məqsədilə vərəm əleyhinə tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, vərəm xəstəliyinin laborator diaqnostika şəbəkəsinin gücləndirilməsi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün yerli və beynəlxalq təlimlərin təşkili üzrə dəstək zəruridir.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib, fondun ayırdığı maliyyə vəsaitlərinin yenidən nəzərdən keçirilməsinə zərurət yarandığını qeyd edib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.
Xəbəri paylaş