Vilayət Eyvazov Balakəndə qəbul keçirdi FOTO/VİDEO
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 3-də və 4-də Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Balakən rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Sonra Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 194 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik DİN Daxili Qoşunlarının Zaqatalada yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonda Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Xəbəri paylaş