COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib - FOTO
Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası olub.
Mubarizciler.az İMZAİNFO ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.
Samir Nuriyev əlavə edib ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Təşkilat Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Bu xüsusda, Samir Nuriyev deyib ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da artdığı aydın hiss olunur.
Xəbəri paylaş