Polis Qubada maarifləndirmə tədbiri keçirib - FOTO
Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev narkotik vasitələrin insan orqanizminə, şüur sisteminə mənfi təsir göstərməsindən danışıb. O, narkotiklərə qurşananların müalicəsinin çox çətin proses olduğunu, insanın fiziki və mənəvi cəhətdən dəyərsizləşməsini, ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından söhbət açıb. Erkən nikah mövzusuna da toxunan rəis, bu cür problemlərin baş verməməsi üçün təhsilin vacibliyindən bəhs edib. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirməyi, mütəmadi şəkildə mütaliə ilə məşğul olmalarını tövsiyə edib.
Həmçinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.
Sonda maraq doğuran suallar cavablandırılıb.
Xəbəri paylaş