Xəbər lenti

Fuad Əliyev: Böyük Qələbə milli yaddaşın qızıl fondudur

Tarix: 22-10-2024 20:33     Baxış: 287

Bu möhtəşəm Qələbə başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur. Azərbaycan xalqı və dövləti bu ehtişamlı Zəfərə bir gündə, bir ildə hazırlaşmadı. Torpaqlarımızı itirdiyimiz gündən qəti sözümüz var idi: tarixi yurdumuzu düşmən tapdağında qoymayacağıq! Amma əsl vaxt ölkəmizin iqtisadi qüdrətinə, hərbi potensialına bağlı idi. Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. Ulu Öndərin vətəndaş qarşıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləməsinə nail olduğu Azərbaycanın taleyini 2003-cü ilin oktyabrında öz yolunun layiqli davamçısı İlham Əliyevin güclü, əmin əllərinə etibar etməsi isə xalqımızın yeni tariximizdəki növbəti doğru seçimi idi. Xalqın bu seçimi ölkəmizin daha böyük uğurlarına yol açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi tarixinin ən qüdrətli ölkəsinə çevirdi, ən güclü inkişaf mərhələsinə yetirdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəltdi. Azərbaycanı başdan-başa abadlıq-quruculuq meydanına çevirdi. Həyata keçirilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirdi. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir. Dünya iqtisadiyyatı üçün yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkə, enerji-kommunikasiya xətti məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda yaradır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir. Multikulturalizm, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bu günü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan ilk növbədə iqtisadi inkişafı sayəsində nail oldu. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına həyat verir. Onların reallaşdırılmasına imkan yaradır. Azərbaycan müasir dünyamızın çağırışlarına münasibətdə çox həssasdır. Ölkə həyatına gətirilən innovasiyalarla, mövcud resursların insan kapitalına çevrilməsi üçün görülən işlərlə özünü sürətlə gələcəyə, dəyişən çağırışlara hazırlaya bilir. Bu məsələlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da əməyi çox böyükdür. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial-humanitar layihələr inkişaf proseslərinə, sosial-iqtisadi problemlərin həllinə mühüm töhfələr verir. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların - BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqli çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dahi şəxsiyyətin həyat fəlsəfəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 20 il ərzində Azərbaycan tarxinin ən şanlı dövrünü yaşadı. Ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək etibarını qazanmış və dərin minnətdarlıq hissi ilə 100 illik yubileyini qeyd etdiyimiz dünyaşöhrətli siyasətçi, əbədiyaşar lider Heydər Əliyevin milli dövlətçilik məktəbininin layiqli yetirməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsini dərindən mənimsəmiş, zəfər salnaməsinin memarı İlham Əliyevin 20 illik əvəzolunmaz siyasi fəaliyyəti  tarixin ən qüdrətli Azərbaycanını ərsəyə gətirmişdir. Azərbaycan xalqının tarixinə ən parlaq Qələbəni də məhz Müzəffər Ali Baş Komandan olaraq İlham Əliyev yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. 20 illik prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük qayıdışa açmış, 8 Noyabr-Zəfər Gününü xalqımızın qürur mənbəyinə çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və "dəmir yumruğ"a çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi. "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim… Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır" sözləri hər birimizin qürur mənbəyinə çevrildi. 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. Şərəfli ömrün xalqa, millətə, dövlətə və dövlətçiliyə həsr olunmuş hər anı qiymətlidir. Bu mənada ölkə rəhbəri İlham Əliyevin ömrü illərlə yox, əməllərlə ölçülməlidir. Əməllər isə o qədər möhtəşəm, o qədər dəyərlidir ki, onun qiymətini bu gün verməkdə, ifadə etməkdə çətinlik çəkmək olar. Amma tarix bütün çətinliklərin fövqündə dayanır və əsl qiyməti də o verəcəkdir. Prezident İlham Əliyevin 20 illik siyasi hakimiyyəti Azərbaycan tarixində epoxal bir hadisədir. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlət başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 20 ilə nəzər salsaq, görərik ki, dövlət başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihənin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran "Cənub qaz dəhlizi", TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, "Şərq-Qərb" və "Şimal-Cənub", beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. İlham Əliyev XXI əsrdə Qafqazda yeni tarix yaradır, bölgənin geosiyasi coğrafiyasını müəyyən edir, eləcə də dövlətimizi və xalqımızı daha böyük zəfərlərə daşıyacaq layihələrə, strateji qərarlara imza atır. İlham Əliyevin zəfərləri yalnız hərbi sahə ilə məhdudlaşmır. Onun Azərbaycanın iqtisadiyyatında, elmində, təhsilində, səhiyyəsində, idmanında qazandığı zəfərlərini vətəndaşımız öz həyatında hiss edir. Bu mənada dövlət başçımızın hərtərəfli, gərgin və məhsuldar siyasi fəaliyyətində mükəmməl nizam, qeyri-adi ardıcıllıq, daim artan dinamika var. Bu dinamikanın əsasında nələr dayanır? Regionda və dünyada söz sahibinə çevrilmiş bir dövlətin ali məqamından qaynaqlanan məsuliyyət, özünə qarşı hədsiz tələbkarlıq, öz üzərində daim işləmək vərdişi, təcrübə, intellekt və əlbəttə ki, gendən, fitrətdən gələn keyfiyyətlər. İlham Əliyevin dövlətimiz və millətimiz üçün taleyüklü qərarların qəbul ediləcəyi anlarda, ən ekstremal şəraitdə belə müdrikcəsinə davranmasının sirri nədir? Bu sualın ən dəqiq cavabını Qarabağa çoxsaylı səfərlərinin birində cənab Prezidentin özü verib: "İradə, cəsarət, öz gücünə əminlik!" Prezidentin hər çıxışının, hər bir sözünün arxasında dərin zəkanın dayandığı bütün parametrləri ilə özünü büruzə verir. O, ən dramatik, ən həssas məsələləri elə təqdim və təhlil edir ki, siyasətin içində olan peşəkar diplomatın belə onu mübahisələndirmək üçün şansı qalmır. İlham Əliyev Azərbaycan tarixinə həm də ilklərin müəllifi kimi düşüb. Dövlət başçısı hər il, hər ay, az qala hər gün bir ilkə imzasını atır. 2023-cü il də bu baxımdan istisna olmadı. 23 aprel İlham Əliyevin imzası ilə tarixə böyük və qızıl hərflərlə yazıldı. 2023-cü il aprelin 23-də Həkəri çayının üzərində Azərbaycanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu. Prezidentin özünün də dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sentyabrın 19-20-də isə Ermənistan silahlı birləşmələrinin Qarabağdakı tör-töküntüləri 23 saat ərzində təmizləndi. Amma buna qədər sarsılmaz xalq-ordu-iqtidar birliyi dünya hərb tarixinə öyrənilməli nümunə kimi yazılan, 44 gün davam edən möhtəşəm Zəfər yolunu qət etmişdi. Dörd il öncə başlayan Vətən savaşında Azərbaycan ATƏT-in Minsk qrupundakı güclərin bacarmadığını təkbaşına bacardı: 30 illik Qarabağ münaqişəsini həll etdi! Azərbaycan BMT-nin missiyasını özü yerinə yetirdi: dörd qətnamənin icrasını ölü nöqtədən tərpətdi; düşməni öz sərhədlərinə qədər qovub, ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu öz Ali Baş Komandanının bilavasitə rəhbərliyi altında Ermənistanın silahlı qüvvələrini darmadağın etdi, düşməni diz çökməyə, təslim aktını imzalamağa məcbur etdi. Sentyabr ayında həyata keçirilən lokal antiterror əməliyyatı isə problemi kökündən və birdəfəlik həll etdi: 30 il ərzində Qarabağda at oynadan qondarma qurum ağ bayraq qaldırıb özü-özünü ləğv etmək barədə qərar qəbul etməyə məcbur oldu. Bununla da Azərbaycan dövləti bütün torpaqları üzərində tam suverenliyini bərqərar etdi. Bu gün hamımız fəxrlə deyirik ki, Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü qalibiyyətli müharibə yolu ilə bərpa edə bilmiş ilk və yeganə ölkədir. Bu gün tam əsasla deyə bilərik ki, Qarabağdakı tam və qəti qələbə İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin həm məntiqi nəticəsi, həm də ən yüksək zirvəsi oldu. Təsadüfi deyil ki, üçrəngli bayrağımız da Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran üzərində məhz həmin gün - oktyabrın 15-də qaldırıldı. İlham Əliyev son 20 ildə rəhbərlik etdiyi dövrdə Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Mürəkkəb dünyada baş verən proseslər fonunda Azərbaycanın sabit və davamlı inkişafı isə İlham Əliyevin 20 illik dövlət quruculuğu və inkişafı istiqamətində fəaliyyətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 10 noyabr 2020-ci il Bəyanatından sonra apardığı siyasət yeni bir dövlətçilik fəlsəfəsi idi. Bir tərəfdən Ermənistanın kapitulyasiyasının nəticələrinin reallaşdırılması istiqamətində fəaliyyət genişləndi, digər tərəfdən Böyük qayıdış proqramına start verildi. Vətən müharibəsindən antiterror əməliyyatınadək olan dövrün təhlili göstərir ki, bu zaman ərzində həyata keçirilən siyasət böyük uğurla nəticələndi. Azərbaycan Ermənistanda olan revanşistlərin və onları dəstəkləyənlərin yeni müharibə arzusunun reallaşdırılmasına yol vermədi, Azərbaycanın yeni müharibəyə cəlb edilməsinin qarşısını aldı, strateji məqsədə lokal terror əməliyyatı ilə nail oldu. Dövlət başçısı İlham Əliyevi başqalarından fərqləndirən digər keyfiyyətləri də var: siyasətdə sistemliliyi qorumaq, səbirli, soyuqqanlı, təmkinli davranmaq, sözündə və qərarlarında dəqiq olmaq. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Çünki o, nəyi və nə zaman edəcəyini yalnız özü bilir. O, Zəfərlə başa çatan Vətən müharibəsində bir daha sübut etdi ki, hər şeyi zamanında və həm də doğru məcrada edir. 20 illik ağır zəhmət bahasına Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin etdi. Onu sürətlə dəyişən müasir dünyada öz imzası və sözü olan qüdrətli dövlətə çevirdi. Bu sözü bir daha təkrarlamaq istərdik: Prezidentliyinin 17-ci ilində Azərbaycanı hərb meydanında qalib dövlətə çevirən İlham Əliyev xalqımıza sözlə ifadəsi mümkün olmayan böyük qürur hissini yaşatdı. Əsrə bərabər 20 ilin zirvəsi, Zəfər yolunun ən böyük dayanacağı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfər Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. İlham Əliyev Azərbaycanın son iki əsrdə düçar olduğu və girdabından çıxa bilmədiyi ən böyük və ən ağrılı milli problemini həll etdi. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlət başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin sərəncamı ilə şəhidlərimizin xatirəsinin Anım günü elan olunub. Həmin gün xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlət başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq". Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq". Qələbədən sonrakı dövrdə Böyük qayıdışa dair həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Bütün bu müddət ərzində dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri Böyük qayıdışın təminatıdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarına səfərləri əyani şəkildə nümayiş etdirir ki, Böyük qayıdış dövlətin ən mühüm prioritetidir və tam şəkildə reallaşdırılacaqdır. Bunlar sadəcə səfər deyil, yeni-yeni yaşayış məskənlərinin, sosial və iqtisadi obyektlərin əsasının qoyulması, nəqliyyat strukturunun qurulması və sairə deməkdir. Şəhər günlərinin qeyd edilməsi isə bugünkü və gələcək nəsillərə unudulmaz qələbə töhfəsidir. Bu proqram işğaldan azad edilmiş ərazilərin bərpa və inkişafı, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və digər məsələləri özündə əks etdirir. Bu, eyni zamanda Azərbaycanın hüdudları ilə məhdudlaşmayaraq, qlobal əhəmiyyətə malikdir. Böyük qayıdış epopeyası Azərbaycan dövlətçiliyinin yeni qələbəsidir. Bu proqram ilə dünya şahid oldu ki, Azərbaycan dövləti qurucu, yaradıcı dövlətdir, öz suveren ərazilərinin tam sahibi, vaxtilə bu ərazilərdən məcburi köçkünə çevrilmiş insanların hamisidir. Azərbaycan tarixinin yeni epoxasının simvolu olan Prezident İlham Əliyevin obrazı çox mühüm bir xüsusiyyətə də malikdir. Təqdim olunan epoxanın dövrləşdirilməsindən aydın olur ki, onun əldə etdiyi uğurların heç biri demək olar ki, tale işi, yaxud bir və ya iki amilin uğurlu birləşməsindən əmələ gələn xoşbəxt sonluq deyil, gərgin dövlətçilik fəaliyyətinin, siyasi və hərbi arenada aparılan mübarizənin nəticəsidir. Dövlət başçısının fəaliyyəti nəticəsində meydana gəlmiş yeni tarixi şəraitin ümumi dövrləşdirilməsinin həm xronologiyası, həm də məzmununun zənginləşəcəyi təbiidir. Onun əsas yekunu isə Azərbaycanın şərtləri və mənafeyini nəzərə alan sülh müqaviləsinin imzalanması olacaqdır. O zaman Prezident İlham Əliyevin memarı olduğu Böyük qayıdış proqramı əsas istiqamətə çevriləcəkdir. Azərbaycan tarixinin 2003-cü ildən başlayan İlham Əliyev epoxasının illəri artdıqca onun tarixi salnaməsi daha da zənginləşir, səhifələrinə yeni-yeni zəfərlər yazılır. Azərbaycan daha da inkişaf edir, qüdrətlənir. Prezident, Ali Baş Komandan, qalib sərkərdə, mahir siyasətçi kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycandır. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən Ulu Öndərin vəsiyyətinə əməl edən oğul İlham Əliyev dünyanın ən xoşbəxt qalib varisidir. O, Qarabağ Zəfəri ilə yalnız Heydər Əliyevin vəsiyyətinə əməl etməyib, həm də Cümhuriyyət dövründən bugünədək Azərbaycanda heç bir dövlət xadiminin yerinə yetirə bilmədiyi vəzifənin öhdəsindən gəlib. İlham Əliyev xalqın əyilmiş qəddini dikəldib, zədələnmiş qürurunu, ləyaqətini bərpa edib. İyirmi il əvvəl üçrəngli bayrağın qarşısında diz çökən, onu öpüb gözünün üstünə qoyan gənc milli lider dediyi sözün arxasında durdu, vədinə əməl etdi. Bu tarixi missiyanın öhdəsindən xalqı və ordunu vəhdət halında ətrafında cəm edərək, "dəmir yumruğ"unu başının üstünə qaldıraraq, özünün dediyi kimi, iradənin, cəsarətin və özünə inamın hesabına gəldi. Qarabağ Qələbəsi Azərbaycan övladlarının vətənsevərlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin mətanətini, cəsurluğunu əfsanələşdirdi. Azərbaycan Ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi.  Bu Zəfər bizim üçün hər zaman müqəddəs olacaq! Zəfərimiz milli yaddaşımızda və tarixin səhifələrində əbədi qalacaq!

Azərbaycanın Zəfər yolu davam edir. Bu yolun baş memarı İlham Əliyevin hələ neçə-neçə zəfərlərə imza atacağına əminik.                                                                                                                

Fuad Əliyev 

Goranboy Su Meliorasiya Sistemlərinin  İstismarı İdarəsinin rəisi




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar